AZ

Zəfər paradı və AzTV-nin kölgəsində qalan qürur – FOTO

Parad bitdi. Bir daha başda qalib Silahlı Qüvvələrimiz olmaqla dünyanın dörd bir yanında Qarabağ zəfərinə sevinənləri təbrik edirəm. Allah torpaqlarımıza əbədi barış yazsın.

NOCOMMENT.az xəbər verir ki, jurnalist Aygün Muradxanlı Zəfər Paradı ilə bağlı öz feysbuk hesabında maraqlı yazı paylaşıb.

Həmin ayzını təqdim edirik:

“İndi icazə verin bir az gözümüzə dəyən və paradı sönük göstərən məqamları deyək. Ki…, gələn dəfə bu yanlışlar təkrarlanmasın.

Başlayaq “paradın səsi”ndən. Hər üzündən düz oxuya bilənə parad etibar edilər? Parad təntənədir, bayramların bayramıdır, dövlətin, millətin bel sütununun nümayişidir, fəxrin, qürurun tavanı, sevincin ən üstüdür – başdan-ayağa emosiyadır. Mümtazın səsində bu dediklərimdən əsər-əlamət hiss edən “əlini qaldırsın”.

Levitanın səsi yadınızda olar. Sinə səsi… Qaltanlı… Havada dalğa yaradan… İnsanın özünə kilidləyən… Alman fa@şistləri etiraf edirdilər ki, ll Dünya Savaşında qazandığı qələbəni SB həm də Levitanın səsinə borcludur. O dərəcədə… Siz 44 günlük möhtəşəm, inanlmaz epizodlarla yaddaşımıza əbədi yazılan, təkcə millətimizin deyil, regionun qədərini dəyişən, 2 illik istila zəncirlərini sonadək qıran savaşın nidalarını Mümtazın səsində hiss elədiniz? Qədəmlərinə qurban olduğum ordu nəfərlərimizin çəkmələrinin səsi diktorun səsindən 1 dəfə çox emosiya yaradırdı.

Azərbaycanın Şəmistan Əlizamanlının səsi kimi milli sərvəti var. Ordu ruhunu bilməyən, heç bir emosiya yaratmayan Mümtazın yerinə kaş Şəmistan bəy olaydı. Ömrümüzün ən unudulmaz paradını izləmiş olacaqdıq…

AzTV-də kadrı kim qurmuşdu? Çıxışçıların ekran kadrının arxa fonunu doğrudan heç kim görməmişdi? İki Pakistan bayrağı, ortada Azərbaycan və Türkiyə bayraqları. Üç bayrağın üçü də bizim üçün müqəddəsdir. Amma olmazdımı kamera, tribuna elə qurulsun ki, ƏSLİNDƏ olan sıra – Azərbaycan, Türkiyə, Pakistan bayrağı görünsün? Axı, ev sahibi Azərbaycan idi.

Hilton və Abşeron Hotellərinin üzərindəki bayraqlardan heç danışmıram… O kəsilmiş, yarımçıq bayraqların proyeksiyasını verənlərin nə dövlət, nə bayraq anlayışı var. Olsaydı, paradın anlamını, o bayrağın Vətən torpaqlarında tam, qürurla dalğalanması üçün necə canın qurban getdiyini düşünüb onun 1 mm-ə belə xələl gətirməyə qıymazdılar.

Qayıdaq kadr quruluşuna. Prezident İlham Əliyev – bu qələbənin baş memarı, Ordunun Ali Baş Komandanı danışır, efir bütün kölgə… Niyə? Çünki işıq düz qurulmayıb… Ya da heç qurulmayıb. Sonucda çadırın kölgəsi görüntüyə qüsur verib.

Prezident Ərdoğan önə əyilməklə “gün şüaları” ilə AzTV-nin biabırçı xətasını örtə bildi.

Baş nazir Şahbaz Şərif danışanda efir mikrofonu söndü… Sizdə mikrafon elə 1 dənədir???

Hərbi orkestrin repertuarına lap məəttəl qaldım. Paraddan Azərbaycanın ən cəsur, ən şücaətli, ən qorxmaz ərləri, igidləri – xüsusi təyinatlıları, Qarabağı düşmənin bağrını sökə-sökə geri alan “Dəniz Pişikləri” keçir, şeypur “bax belə oğlandır sıravi Əhməd” çalır.

Bu sətirləri yazırdım, bir də eşitdim AzTV-də Müslüm Maqomayev “Azərbaycan” mahnısı oxuyur. İkinci “kuplet” rusca…

Görəsən, qonaqlarımız eşitmədi? Biabır olardıq…

O gün olsun, Azərbaycanda hər sahə bu gün yenidən ürəyimizi köksümüzə sığdırmayan Ordumuzdakı kimi olsun – MİLLİ!”

Seçilən
20
nocomment.az

1Mənbələr