AZ

İsveçdə Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

Stokholm, 9 noyabr, Nərgiz Cəfərli, АZƏRTAC

İsveçin Göteburq şəhərində Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Azərbaycan–Qarabağ Mərkəzinin təşkilatçılığı ilə Zəfərin 5-ci ildönümü münasibətilə bayram tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirin aparıcılığını İsveçdə yaşayan fəal gənclərimiz Gülnisə İbrahimova, Fəridə Talıblı və Məsumə Rüstəmli həyata keçiriblər.

Bayram tədbiri uşaqların ifasında təqdim olunan vətənpərvər səhnəciklə başlayıb. Daha sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə tədbir rəsmi şəkildə açıq elan olunub.

Uşaqlardan ibarət “Xarı Bülbül” rəqs qrupunun balaca üzvləri milli rəqslərimizi ifa edərək böyük alqışlarla qarşılanıblar. Ardınca Belçikadan gəlmiş Nurlana Veysova “Şuşanın dağları”, “Azərbaycan”, “Qarabağ” mahnılarını ifa edərək tədbirə xüsusi bir ruh qatıb.

Daha sonra Azərbaycan–Qarabağ Mərkəzinin rəhbəri, İsveç Azərbaycanlıları Koordinasiya Şurasının Göteburq üzrə koordinatoru Ülviyyə Nəcəfova səhnəyə dəvət olunaraq çıxışında tədbir iştirakçılarını salamlayıb, Zəfər Günü münasibətilə xalqımıza təbriklərini və səmimi arzularını çatdırıb. “Bu qələbənin qazanılmasının əsas səbəbkarları — Vətən uğrunda canından keçən şəhidlərimiz, yaralanaraq qəhrəmanlıq göstərən qazilərimiz, güclü və rəşadətli Ordumuz, eləcə də həmrəy və mübariz Azərbaycan xalqı, Ali Baş Komandan Prezident İlham Əliyevdir”, - deyə Ü. Nəcəfova vurğulayıb.

Tədbirin sonunda 27 Sentyabr – Anım Günü münasibətilə uşaqlar arasında keçirilən rəsm müsabiqəsinin qalibləri elan olunub və onlara hədiyyələr təqdim edilib.

Mərasim zamanı milli atributlardan ibarət kiçik bir sərgi də təqdim olunub.

Seçilən
35
1
azertag.az

2Mənbələr