AZ

Milli iradənin, bəşəri ədalətin və siyasi müdrikliyin təntənəsi

Müasir Azərbaycan dövlətçiliyinin ən şərəfli səhifələrindən olan 8 Noyabr – Zəfər Günü hərbi-siyasi qələbəmizin rəmzi olmaqla yanaşı, həm də beynəlxalq hüququn, tarixi ədalətin bərpası günü kimi hər bir azərbaycanlıda milli qürur hissi doğurur. Bu günün mənəvi, siyasi və hüquqi əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycan xalqı və dövləti beynəlxalq hüquq normalarına əsaslanaraq, ərazi bütövlüyünü bərpa etmiş, eyni zamanda, Birləşmiş Millətlər Təşkilatının (BMT) Nizamnaməsində təsbit olunmuş suverenlik prinsipini 2023-cü ilin sentyabrında tam təmin etmişdir. 

2020-ci ilin 27 sentyabr – 10 noyabr tarixləri arasında davam edən 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində əldə edilən qələbə dövlətin milli təhlükəsizliyinin təminatı, regionda sülh və ədalətin bərqərar olması baxımından strateji əhəmiyyətə malikdir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hərbi-siyasi strategiya müstəqillik tarixində dönüş nöqtəsi olmuşdur. Bu strategiya beynəlxalq hüququn əsas prinsiplərinə – dövlətlərin suveren bərabərliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığına söykənərək, Azərbaycana dünyada ədalətin və beynəlxalq hüququn bərpasını təmin edən ölkə statusu qazandırmışdır. 

30 ilə yaxın işğal altında saxlanılan torpaqlarımızın azad olunması, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamənin – 822, 853, 874 və 884 nömrəli sənədlərin icrasının Müzəffər Azərbaycan Ordusunun gücü hesabına təmin edilməsi beynəlxalq hüququn tətbiqinin effektiv mexanizmi olmuşdur. Bu şanlı hadisə dövlətin ərazi bütövlüyünü bərpa etmək hüququnun legitimliyini bir daha təsdiqləmişdir. Ölkəmiz beynəlxalq hüququn əsas prinsiplərindən kənara çıxmadan, BMT Nizamnaməsinin 51-ci maddəsinə – özünümüdafiə hüququna əsaslanaraq uğurlu hərbi əməliyyatlar həyata keçirmiş, Ermənistanın tam kapitulyasiyasına nail olmuşdur. Bu baxımdan, 8 Noyabr tarixi həm də beynəlxalq hüququn praktiki təsdiqi kimi dəyərləndirilməlidir.

2020-ci ilin sentyabr-noyabr aylarında işğal faktını aradan qaldıran, 2023-cü il 19-20 sentyabr tarixində isə cəmi 23 saat davam edən lokal antiterror tədbirləri ilə ərazimizdəki separatçı rejimin mövcudluğuna son qoyan, dövlət suverenliyini bərpa edən Azərbaycan bu möhtəşəm qələbələri ilə sonsuz qürur hissi keçirir. Hər iki tarixin xüsusi əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycan bu tarixlərdə keçirilən hərbi əməliyyatların nəticəsi olaraq düşməni məhz döyüş meydanında məğlubiyyətə uğratmış, ərazi bütövlüyünü, beynəlxalq hüququ və ədaləti güc yolu ilə təmin etmişdir. 

Xüsusi vurğulamaq lazımdır ki, Prezident İlham Əliyevin 2003-cü ildən münaqişənin həlli istiqamətində yürütdüyü siyasətin əsas mahiyyəti Ermənistanın mövqeyinin beynəlxalq hüquq baxımından əsassızlığını sübuta yetirmək, təcavüzkar ölkəni Cənubi Qafqazdakı dinamik inkişaf prosesindən, qlobal enerji-kommunikasiya layihələrindən təcrid etmək, ən nəhayət, Azərbaycanın iqtisadi-hərbi qüdrətinin artırmaqla qarşı tərəfin mövqeyinə təsir göstərməkdən ibarət olmuşdur. 

Prezident İlham Əliyev ötən illərdəki çıxışlarında hər zaman bildirirdi ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində beynəlxalq hüquq və normaları, ədalət meyarı Azərbaycanın tərəfindədir və bunu dünya ictimaiyyəti də birmənalı təsdiq edir. Dövlət başçısı onu da bəyan etmişdir ki, münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həllini mümkün sayır. Cənab İlham Əliyev ölkəmizin ərazi itkisi ilə barışmayacağını hər zaman qətiyyətlə bildirmiş və münaqişənin həllində məhz beynəlxalq hüquq normalarına istinad etmişdir: “Bir daha bəyan edirəm, nə 5 ildən sonra, nə 10 ildən sonra, nə 15 ildən sonra, nə də 100 ildən sonra Dağlıq Qarabağ Azərbaycandan ayrılmayacaqdır. Mən nə qədər Prezidentəm, buna yol verməyəcəyəm”. 

Ötən illərdə Azərbaycanın danışıqlar prosesindəki mövqelərini gücləndirən ciddi amillərdən biri də respublikamızın iqtisadi cəhətdən qüdrətlənməsi, bir sıra qlobal enerji və kommunikasiya layihələrini uğurla başa çatdırması ilə əlaqədardır. Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin, TAP, TANAP layihələrinini reallaşması, eyni zamanda, Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi Azərbaycanın dünya siyasətindəki, habelə Avropanın enerji təhlükəsizliyindəki rolunu gücləndirmiş, beynəlxalq mövqelərini möhkəmləndirmişdir. Cənubi Qafqaz regionunda həyata keçirilən bu qlobal layihələrdən tamamilə kənarda qalan Ermənistan isə Avropa və Qərb üçün əhəmiyyətini itirmişdir. Təcavüzkarlıq siyasətindən əl çəkməyən Ermənistan, əslində, özü-özünü Cənubi Qafqazda gerçəkləşən bütün strateji layihələrdən kənarda saxlamışdır. 

Cənab İlham Əliyevin prezidentliyi dövründə Azərbaycanın münaqişənin həlli ilə bağlı mövqeyi danışıqların ilk günlərindən sonadək dəyişməz olaraq qalmışdır: Dövlət başçısı bəyan etmişdir ki, münaqişənin həllinin hüquqi və siyasi əsasları BMT Nizamnaməsi, habelə təşkilatın Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri, ATƏT-in Helsinki Yekun Aktı, BMT Baş Məclisinin 2008-ci ildə qəbul etdiyi A/RES/62/243 saylı qətnaməsi, habelə ATƏT və Avropa Şurasının müvafiq sənədləri və qərarlarında əks olunan beynəlxalq hüququn norma və prinsiplərinə söykənir. Bütün bu sənədlər Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınan sərhədlərinin toxunulmazlığını təsdiqləmişdir. 

2020-ci ilədək rəsmi Bakının danışıqlar prosesində iştirakını şərtləndirən mühüm amillərdən biri də respublikamızın haqlı mövqeyini beynəlxalq miqyasda, əsasən də mötəbər təşkilatlar çərçivəsində sübuta yetirmək üçün vaxt imkanı əldə etmək istəməsi olmuşdur. ATƏT-in artıq tarixin arxivinə gömülmüş Minsk qrupu çərçivəsində aparılan danışıqlar prosesi son nəticədən asılı olmayaraq, Azərbaycana təcavüzkar dövləti ifşa etmək, onun işğalçı siyasəti barədə beynəlxalq miqyasda obyektiv rəy formalaşdırmaq baxımından mühüm əhəmiyyət daşımışdır. Rəsmi Bakının danışıqlar prosesində sonadək təmkinlə iştirakı ona həm də hərb yolunun seçilməsi üçün əsaslı arqumentlər vermişdir. Yəni danışıqlar prosesi rəsmi Bakıya hərb yolunun qaçılmazlığını zamanla beynəlxalq ictimaiyyətə əsaslandırmaq imkanı qazandırmışdır.

Ötən illərdə problemin həllinə səy göstərən nüfuzlu beynəlxalq təşkilatlar, dünyanın fövqəldövlətləri birmənalı anlamışlar ki, Azərbaycanı onun milli maraqlarına zidd hər hansı güzəştə məcbur etmək əsla mümkün deyildir. Problemin sülh yolu ilə həllini tapmayacağı təqdirdə, Prezident İlham Əliyevin xalqın iradəsinə söykənərək digər vasitələrin köməyi ilə Azərbaycanın ərazi bütövlüyünü təmin edəcəyinə cəmiyyətdə ciddi inam olmuşdur. Əldə edilən sosial-iqtisadi nailiyyətlər ölkəmizin müdafiə potensialını daha da artırmış, ulu öndər Heydər Əliyevin qurduğu milli ordu daha da qüdrətlənmişdir. Dövlət başçısının bu qətiyyəti, təbii ki, xalqın iradəsindən, əldə edilmiş sosial-iqtisadi nailiyyətlərin dövlətimiz üçün yaratdığı imkanlardan, Azərbaycanın beynəlxalq aləmdə ildən-ilə daha da güclənməkdə olan mövqeyindən, ən əsası isə cəmiyyətimizdəki mütəşəkkillikdən irəli gəlmişdir. 

Ermənistanın uzun illər münaqişəni “baş vermiş fakt” əsasında “həll etməyə” çalışması beynəlxalq humanitar hüququn norma və prinsipləri üçün ciddi təhlükələr doğurmuşdur. 30 ilə yaxın müddətdə Azərbaycanın BMT, ATƏT, Avropa Şurası, Avropa Birliyi ümumilikdə, dünya dövlətlərinin mütləq əksəriyyəti tərəfindən birmənalı tanınan ərazi bütövlüyünün və suverenliyinin bərpası istiqamətində həlledici addımların atılmaması xalqımızın haqlı hiddətinə və narazılığına səbəb olmuşdur. 

Ermənistanın ötən əsrin 80-ci illərindən Azərbaycanın tarixi ərazilərinə qarşı yeni vüsət alan iddiaları – separatçılıq hərəkətləri beynəlxalq hüquq və normalarına, o cümlədən BMT-nin, ATƏT-in, Avropa Şurasının nizamnamələrinə, Helsinki Bəyannaməsinə daban-dabana zidd olmuşdur. Həmin prinsiplər heç bir dövlət tərəfindən və heç bir xüsusi akt əsasında ləvğ edilə bilməz. Beynəlxalq hüququn ən əsas və münaqişəyə tətbiq edilə biləcək prinsiplərindən biri dövlətlərin dinc–yanaşı yaşaması prinsipidir. Bu norma istisnasız olaraq iki qonşu dövlətin hər hansı mübahisəli məsələni dinc vasitələrlə, zora əl atmadan həllini “Dövlətlər arasındakı mübahisələri həll etmək üçün bir vasitə olmaq etibarilə müharibə yolundan qarşılıqlı surətdə imtina etməyi, beynəlxalq mübahisələrin yalnız dinc yolla həll edilməsini, dövlətlər arasında hüquq bərabərliyinə, suverenliyə, ərazi bütövlüyünə ciddi hörmət edilməsini, tam bərabərlik və qarşılıqlı fayda əsasında əməkdaşlığın inkişafını nəzərdə tutur”. 

Beynəlxalq hüququn əsas normalarından biri də təcavüzkarlığın qadağan edilməsi, zor işlətməmək və ya zor işlətməklə hədələməmək prinsipidir. 1993-cü il London konfransında verilən izaha əsasən, “Münaqişədə səbəbindən asılı olmayaraq, digər dövlətə qarşı birinci olaraq silahlı qüv­vədən istifadə etmiş tərəf təcavüzkar hesab edilir”. Beynəlxalq hüququn digər normaları, eləcə də dövlətlərin ərazi bütövlüyü və toxunulmazlığı prinsipi də Ermənistan tərəfindən kobudcasına pozulmuşdur. Bu prinsipin məzmunu “beynəlxalq münasibətlərdə iştirak edən dövlətlərin hər birinin ərazi bütövlüyünə qarşılıqlı olaraq hörmət etməsini, buna uyğun olaraq, onların hər hansı iştirakçı dövlətin ərazi bütövlüyünə, siyasi istiqlaliyyətinə və ya birliyinə qarşı heç bir hərəkət etməməsini nəzərdə tutur”. Ərazi bütövlüyü pozulan və təcavüzə məruz qalan dövlətin isə təcavüzkarlıq əməlindən fərdi və ya kollektiv özünümüdafiə hüququ vardır. 

Xatırlatmaq lazımdır ki, 2018-ci ildə Ermənistanda hakimiyyət dəyişikliyindən sonra bu ölkədə iqtidara gələn qüvvələr ilk dövrdə münaqişənin sülh yolu ilə tənzimlənməsində guya maraqlı olduqlarını bəyan edərək, bu istiqamətdə müvafiq addımların atılması üçün Azərbaycandan onlara zaman tanınmasını istəmişlər. Tacikistanın paytaxtı Düşənbədə 2018-ci ilin sentyabrın 28-də MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edən Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevdən Ermənistanda bəzi dəyişikliklər etmək, parlament seçkilərinə hazırlaşmaq və sair işlər üçün ona müəyyən vaxt verilməsini xahiş etmişdir. Ölkəmizin bu güzəştinə baxmayaraq, Ermənistan nəinki zəbt edilmiş ərazilərin dinc yolla qaytarılmasına razılıq vermiş, əksinə, bu ölkənin hərbi-siyasi rəhbərliyinin bir-birinin ardınca verdiyi təxribatçı bəyanatlar, atdığı addımlarla danışıqlar prosesini məqsədyönlü şəkildə tamamilə pozmağa yönəlmişdir. Bununla da Ermənistanda hakimiyyətə gələn qüvvələr əsl məqsədlərinin münaqişə ilə bağlı “status-kvo”nu möhkəmləndirməkdən və Azərbaycan ərazilərini ilhaq etməkdən ibarət olduğunu nümayiş etdirmişlər. 

Bu dövrdə Ermənistanın qəbul etdiyi təcavüzkar və hücum xarakterli milli təhlükəsizlik strategiyası və hərbi doktrina, işğal edilmiş ərazilərdə qeyri-qanuni məskunlaşdırma siyasətinin genişləndirilməsi, Azərbaycan torpaqlarının ələ keçirilməsi prosesinin davam etdirilməsi üçün yeni iddiaların irəli sürülməsi, işğal altındakı ərazilərimizdə qondarma seçkilərin keçirilməsi və qondarma “prezident”in andiçmə mərasimini mədəniyyət beşiyimiz olan Şuşada təşkil edilməsi hadisələrin daha gərgin məcrada inkişafını şərtləndirmişdir. 

Bunlara paralel olaraq, Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan ərazilərində yaradılmış separatçı rejimi danışıqlar masasına oturtmaq niyyətilə sülh danışıqlarının formatını dəyişdirməyə cəhd etmiş, 2019-cu ilin avqust ayında isə işğal olunmuş Qarabağ ərazisinə səfəri çərçivəsində “Qarabağ - Ermənistandır, nöqtə” tipli populist bəyanat səsləndirməklə sülhə olan bütün ümidlərin üzərindən xətt çəkmişdir. Ermənistanın sülh razılaşması üçün siyasi-diplomatik müstəvini tamamilə bağlayan mövqeyi 2020-ci ilin iyul ayında özünü qabarıq büruzə vermiş, bu ölkənin silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki mövqelərimizi ələ keçirmək məqsədilə atəşkəs rejimini kobud şəkildə pozmuş, ağır hərbi təxribat törətmişlər. 

Tovuz döyüşlərindən sonra münaqişənin danışıqlar yolu ilə həlli daha mümkünsüz hala gəlmiş, Azərbaycan xalqı bu vəziyyətlə barışmaq niyyətində olmadığını açıq şəkildə nümayiş etdirmişdir. 2020-ci il iyulun 14-də Bakıda Silahlı Qüvvələrə və Ali Baş Komandana çoxminlik dəstək yürüşü bunun real təzahürü olmuş, həmin vaxt Prezident İlham Əliyevin çağırışına səs verən on minlərlə gənc Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qeydiyyatda olduqları şöbələrinə müraciət edərək könüllü olaraq döyüşlərdə iştirak etmək arzularını bildirmişlər. 

2020-ci il sentyabrın 27-də Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin saat səhər 06:00 radələrindən etibarən genişmiqyaslı təxribatlar törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması barədə məlumat yaymışdır. Bu, artıq Vətən müharibəsinin başlanması olmuş, Ordumuz ilk gündən sonadək düşməni döyüş meydanında məğlub etmiş, əsas hədəfinə nail olmuşdur.

İkinci Qarabağ müharibəsindəki tarixi Zəfərin əldə olunmasında hüquqi-siyasi mexanizmlərin düzgün tətbiqi ilə yanaşı, milli birliyin, dövlət idarəçiliyinin effektivliyinin və ordunun peşəkarlığının rolu həlledici olmuşdur. Zəfər Günü məhz bu dövlət iradəsinin, liderlik məsuliyyətinin və milli həmrəyliyin nəticəsi olaraq formalaşmışdır.

Son beş ildə qazandığımız parlaq hərbi-siyasi qələbələr təkcə Azərbaycanın deyil, bütün regionun geosiyasi arxitekturasını dəyişdirmişdir. Cənubi Qafqazda yeni reallıqlar yaranmış, Azərbaycanın iştirakı ilə regionda sülh, əməkdaşlıq və qarşılıqlı asılılıq mexanizmləri formalaşmağa başlamışdır. Xüsusi vurğulamaq lazımdır ki, tarixin Zəfərin 5-ci ildönümü ərəfəsində - 2025-ci il avqustun 8-də ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Azərbaycan, ABŞ və Ermənistan liderlərinin imzaladığı Birgə Bəyannamə beynəlxalq ictimaiyyət tərəfindən Cənubi Qafqazda münaqişə səhifəsinin qapadılması, dayanıqlı sülhün reallığa çevrilməsi istiqamətində atılmış qətiyyətli addım kimi qiymətləndirilir. Bu sənəd təkcə iki ölkə arasında uzun illər davam edən gərginliyə son qoyulması deyil, həm də Ermənistanda ictimai düşüncəni zəhərləyən köhnə ideoloji qəliblərin, revanşist mövqelərin tam iflası deməkdir.

Postmüharibə dövründə Ermənistanda Azərbaycanla sülhün əldə edilməsi mövzusuna münasibət birmənalı olmamışdır. Bununla belə, Qarabağdakı separatçı rejimin süqutu və Azərbaycanın suverenliyinin tam təmin edilməsi, sonrakı mərhələdə əldə olunmuş ikitərəfli razılaşmalar, nəhayət, avqustun 8-də Vaşinqtonda imzalanmış rəsmi sənədlər Ermənistan cəmiyyətində sülh ovqatını əhəmiyyətli dərəcədə gücləndirərək radikal-revanşist qüvvələrin mövqeyinə öldürücü zərbə olmuşdur. Ermənistan cəmiyyəti məğlubiyyətlə barışaraq, sülh istiqamətində atılan addımları müsbət qarşılayır, uzunmüddətli qarşıdurmanın ölkə üçün iqtisadi gerilik, siyasi təcrid və regional əlaqələrdən kənarda qalmaq kimi nəticələr verdiyini etiraf edir. Bu xüsusda qonşu ölkələrin ərazisinə əsassız iddiaların erməni xalqına yaxşı heç nə vəd etmədiyi, Ermənistanın təhlükəsizliyinin Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılmasından keçdiyi də etiraf olunur.

Postmünaqişə dövründə Zəfər Günü həm də Azərbaycan dövlətinin bərpa və reinteqrasiya siyasətinin ideoloji dayağına çevrilmişdir. Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa, yenidənqurma və məskunlaşma proqramları dövlətin sosial siyasətinin konkret nümunələridir. Bu siyasət beynəlxalq hüququn “münaqişədən sonrakı ədalətli sülh” prinsipi ilə uyğunlaşdırılmışdır. Azərbaycan dövləti azad edilmiş ərazilərdə konstitusion quruluşun bərpasına nail olmuş, dövlət idarəçilik sistemini və vətəndaş hüquqları təmin etmişdir. 

Zəfərin 5-ci ildönümünün ölkəmizdə yüksək səviyyədə qeyd olunması, bu münasibətlə Bakıda keçirilən Hərbi parad beynəlxalq miqyasda Azərbaycanın artan nüfuzunun göstəricisidir. Qələbə nəticəsində ölkəmizin regional və qlobal səviyyədə rolunun artması, enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya layihələri və beynəlxalq diplomatik təşəbbüslərdə lider mövqelərə yüksəlməsi xarici siyasət doktrinamıza yeni məzmun gətirmişdir. Beləliklə, 8 noyabr təkcə hərbi-siyasi Zəfərin ildönümü deyil, həm də dövlətimizin beynəlxalq sistemdə öz yerini möhkəmləndirdiyi, hüquqi subyektliyini tam şəkildə təsdiq etdiyi şanlı tarixdir.

Zəfərin beşilliyi ərəfəsində Azərbaycan artıq tamamilə yeni bir mərhələyə qədəm qoymuşdur. Bu mərhələdə dövlətin qarşısında duran əsas vəzifə regionda dayanıqlı sülhün təmin olunması, Ermənistanla münasibətlərin beynəlxalq hüquq prinsipləri çərçivəsində normallaşdırılması və sülh müqaviləsinin imzalanmasıdır. Azərbaycanın son beş ildə diktə etdiyi sülh gündəliyi beynəlxalq hüququn müvafiq normalarına əsaslanır. Dövlətimiz bu istiqamətdə konstruktiv dialoq, qarşılıqlı etimad və iqtisadi əməkdaşlıq prinsiplərini irəli sürərək, regional sabitliyin hüquqi əsaslarını möhkəmləndirir. 

Bütün bunların fonunda deyə bilərik ki, 8 Noyabr – Zəfər Günü Azərbaycanın dövlətçilik tarixində hər zaman milli iradənin, tarixi, hüquqi ədalətin və siyasi müdrikliyin təntənəsi kimi qalacaqdır. 

Məhəmməd İMANLI, 
Azərbaycan Dövlət Dənizçilik Akademiyası hüquq kafedrasının müəllimi, professor

 

Seçilən
66
xalqqazeti.az

1Mənbələr