AZ

Fuad İbrahimov: Tarixin qəhrəmanlıq dolu hadisələrinin incəsənətdə əksi xüsusi əhəmiyyət daşıyır

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bakı, 9 noyabr, Günel Əliyeva, AZƏRTAC

“Əvvəlcə hamını böyük bayramımız - Zəfər Günü münasibətilə səmimi-qəlbdən təbrik etmək istəyirəm. Bu günün mənasını sözlə ifadə etmək çətindir. Şuşada doğulmuş biri kimi bu hiss tamam başqa bir duyğudur. Biz bu xoşbəxtliyi şəhidlərimizə, qazilərimizə və Ali Baş Komandanımız Prezident İlham Əliyevə borcluyuq”.

Bu fikirləri AZƏRTAC-a Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru Fuad İbrahimov söyləyib.

Maestronun sözlərinə görə, mədəniyyət və incəsənət tarixdə baş verən mühüm hadisələri xalqın yaddaşında qorunmaqda misilsiz rol oynayır.

“Mədəniyyət mənəvi təsirin ən güclü və ən ali vasitələrindən biridir. Musiqi, teatr, ədəbiyyat və kino vasitəsilə biz dünyaya həqiqətlərimizi, milli ruhumuzu və ləyaqətimizi çatdırırıq. Əgər ön cəbhədə əsgərlər döyüşürdülərsə, arxa cəbhədə mədəniyyət xadimləri də öz yaradıcılıqları ilə mübarizə aparırdılar”, — deyə F.İbrahimov vurğulayıb.

Dirijor qeyd edib ki, həmin hadisələr zamanı o da xarici ölkələrdə keçirilən konsertlərdə iştirak edib və burada azərbaycanlı bəstəkarların əsərlərini səsləndirilib:

“Hər bir çıxış bir missiya idi — ölkəmizin, xalqımızın igidliyi və mübarizliyi haqqında danışmaq. Mən görürdüm ki, hətta başqa xalqların nümayəndələri belə bu musiqidən, bu ruhdan dərin təsirlənirdilər. Azərbaycanı və onun mədəniyyətini ləyaqətlə təmsil etmək, Zəfərimizin səsini bütün dünyada eşitdirmək hər birimizin borcudur”.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
67
1
azertag.az

2Mənbələr