AZ

Qazilərin və şəhid övladlarının təhsil imkanları genişlənir AKTUAL

ain.az, Sherg.az portalına istinadən məlumat verir.

DİM-in həyata keçirdiyi layihə inklüziyanın milli modelidir, həm sosial ədaləti təmin edir, həm də təhsilin insanyönümlü mahiyyətini möhkəmləndirir

Vətən müharibəsi iştirakçılarının və şəhid ailələrinin sosial rifahının, həmçinin təhsildə bərabər imkanlarının təmin edilməsi dövlətin prioritet istiqamətlərindən biridir. Bu istiqamətdə həyata keçirilən layihələr gənclərin cəmiyyətə inteqrasiyasını, onların gələcək peşə və ixtisas seçimlərini dəstəkləməyi hədəfləyir. Dövlət İmtahan Mərkəzinin qazilər və şəhid övladları üçün həyata keçirdiyi təşəbbüslər də bu məqsədə xidmət edir. Təhsil vasitəsilə sosial ədalətin bərpasına yönələn bu fəaliyyətlər həm mənəvi, həm də strateji baxımdan mühüm əhəmiyyət daşıyır.

Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə Zəfər Günü ilə bağlı keçirilən tədbirdə qazilərin ödənişsiz əsaslarla hazırlıq kurslarına cəlb olunduqlarını deyib. DİM sədri qeyd edib ki, layihə çərçivəsində 22 qazi artıq ali və orta ixtisas təhsilinə qəbul olunub, 8 nəfər isə hazırda təhsilini davam etdirmək üçün kurslara cəlb olunub. Bundan əlavə, şəhid övladları ilə mütəmadi olaraq psixoloji dəstək, maarifləndirici təqdimatlar, erkən peşə seçimi istiqamətində görüşlər təşkil olunur.

M.Abbaszadə həmçinin bildirib ki, bu illər ərzində 781 şəhid övladı bu görüşlərdə iştirak edib, onlara 5554 ədəd dərs vəsaiti, test toplusu və “Qiymətləndirmə tapşırıqları” kitabları hədiyyə olunub: “2025-ci ildən etibarən, şəhid övladlarının maraq və bacarıqlarını daha dərindən tanımaq məqsədilə hazırlanan “Peşə Seçimi” aləti də məhz bu uşaqlara təqdim olunub. Bu prosesə artıq Bakı üzrə 53, regionlar üzrə isə 95 şəhid övladı cəlb olunub”.

Mütəxəssislərin fikrincə, Dövlət İmtahan Mərkəzinin qazilər və şəhid övladları üçün həyata keçirdiyi bu təşəbbüs təkcə sosial dəstək deyil, həm də təhsil bərabərliyinin gücləndirilməsi baxımından mühüm addımdır. Bu layihələr həmin kateqoriyadan olan gənclərin təhsilə marağını artırır, onların gələcək ixtisas seçimlərinə yön verir. Əgər bu proses ardıcıl şəkildə davam etdirilərsə, uzunmüddətli perspektivdə həm sosial inteqrasiyanı, həm də insan kapitalının keyfiyyətini yüksəldəcək.

Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli Sherg.az-a açıqlamasında deyib ki, qazilərin və şəhid övladlarının təhsil imkanlarının genişləndirilməsi təkcə sosial məsuliyyət daşıyan bir təşəbbüs deyil, həm də dövlətin təhsil strategiyasının dərin mənəvi dayaqlar üzərində qurulduğunun göstəricisidir:

“Müharibədən qalib çıxan bir ölkə olaraq Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri təkcə bərpa və inkişaf deyil, həm də bu qələbənin mənəvi yükünü daşıyan insanların, qazilərin və şəhid ailələrinin həyatına dayanıqlı dəstək verməkdir. Bu dəstəyin ən təsirli və uzunmüddətli forması isə məhz təhsildir. Dövlət İmtahan Mərkəzinin təşəbbüsü ilə qazilərin ödənişsiz əsaslarla hazırlıq kurslarına cəlb olunması və bir qisminin artıq ali və orta ixtisas təhsilinə qəbul alması, şəhid övladları üçün isə psixoloji və peşə yönümlü görüşlərin təşkil edilməsi, təhsilin sosial inteqrasiyadakı mühüm rolunu bir daha nümayiş etdirir. Bu addım, dövlətin təkcə imtahan və qiymətləndirmə sistemi ilə məhdudlaşmadığını, həm də insana yönəlmiş, sosial və inklüziv təhsil modelinin formalaşmasına töhfə verdiyini göstərir. İnklüziv təhsil dedikdə, çox vaxt yalnız fiziki və ya sağlamlıq imkanları məhdud şəxslərin təhsil prosesinə inteqrasiyası nəzərdə tutulur. Lakin bu anlayış daha geniş məna daşıyır. Müharibənin travmasını yaşamış, yaxınlarını itirmiş və ya döyüşlərdə iştirak etmiş şəxslərin də təhsil prosesinə bərabər imkanlarla qoşulması inklüzivliyin sosial və psixoloji aspektini formalaşdırır. DİM-in həyata keçirdiyi layihə bu mənada inklüziyanın milli modelidir, həm sosial ədaləti təmin edir, həm də təhsilin insan yönümlü mahiyyətini möhkəmləndirir”.

Ə.Həsənlinin sözlərinə görə, bu təşəbbüslər təkcə fərdi talelərə deyil, bütövlükdə təhsil sisteminin dəyərlər mühitinə təsir göstərir. Onun fikrincə, müəllimlər, tələbələr və təhsil ictimaiyyəti qazilərlə və şəhid övladları ilə eyni mühitdə öyrənməklə həm empati, həm məsuliyyət, həm də vətənpərvərlik hissini daha dərindən mənimsəyir:

“Bu artıq sadəcə bir sosial layihə deyil, mənəvi tərbiyə və milli kimlik üzərində qurulan təhsil fəlsəfəsinin tərkib hissəsidir. Bir sözlə, Dövlət İmtahan Mərkəzinin bu addımı postmüharibə dövründə dövlətin təhsil siyasətində humanist yanaşmanın prioritetə çevrildiyini göstərir. Qazilərin və şəhid ailələrinin təhsilə cəlb olunması həm sosial bərabərliyi gücləndirir, həm də təhsili milli dəyərlər sisteminin əsas sütunlarından birinə çevirir. Bu, Zəfər ruhunun yalnız döyüş meydanlarında deyil, həm də auditoriyalarda, elm və bilik mühitində yaşadılmasının ən gözəl nümunəsidir”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
66
sherg.az

1Mənbələr