AZ

Azərbaycan tarixinin ən şərəfli günü

44 günlük Vətən müharibəsi Azərbaycan tarixinin ən şərəfli günləri, 8 noyabr tarixi isə bütöv Azərbaycan tarixinin baş tacıdır. İllər ərzində Azərbaycan xalqı əzəli torpaqlarının azad olunması istiqamətində var gücü ilə çalışdı. Bir tərəfdən, dövlətimizin qüdrəti artırdısa, digər tərəfdən xalqımızın ideoloji cəhətdən həmrəy olması istiqamətində ardıcıl və sistemli addımlar atılırdı. Azərbaycan xalqı əmin idi ki, torpaqlarını azad edəcək. Odur ki, heç bir zaman işğalla barışmırdı. 

Bu, xalqımızın qırmızı xətti idi. Ermənistan isə bu müddət ərzində daha da azğınlaşır, havadarlarının vasitəsilə, onların dəstəyi ilə silahlanırdı. Məhz bu amil Azərbaycanı vadar etdi ki, mövcud reallıqları düzgün dəyərləndirsin. Ümummilli Lider Heydər Əliyev bu istiqamətdə prinsipial mövqə ortaya qoydu. Eyni zamanda bu prinsipiallıq həm də təmkinli siyasətlə müşayiət olundu. Belə ki, regional aktorlarla münasibətlərin normal məcraya salınması, beynəlxalq təşkilatlarda səmərəli fəaliyyət, ölkənin iqtisadi baxımdan gücləndirilməsi əsas hədəflər idi.

 "İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir" ideyasına əsaslanan Ümummilli Lider Heydər Əliyev Azərbaycanın ilk öncə sosial-iqtisadi durumunu yaxşılaşdırmaq yolunu seçdi. Çünki bir milyondan artıq məcburi köçkün və qaçqın problemi ilə üz-üzə qalan Azərbaycan daxildə olduqca böyük çətinliklərlə üz-üzə idi. Bir tərəfdən itirilən torpaqlar, digər tərəfdən haqq səsimizin dünyaya çatmaması ölkəmizi ağır duruma salmışdı. Bütün bu amillər Azərbaycanın davamlı şəkildə gücləndirilməsi zərurətini yaratmışdı. Ümummilli Lider Heydər Əliyev  bu istiqamətdə uğurlu siyasət yürütdü və onun dəst-xəti cənab İlham Əliyevin hakimiyyətinin ilk dövrlərindən uğurla davam etdirildi. Bu illər ərzində Azərbaycan Ulu Öndər Heydər Əliyevin ideoloji xəttinə sadiq qaldı. Ordu quruculuğu istiqamətində ardıcıl addımlar atıldı. Dünyanın hərbi sənaye baxımından inkişaf etmiş ölkələri ilə müqavilələr imzalandı. Bunun üçün iqtisadi güc, iqtisadi amil olduqca önəmli idi. 

Eyni zamanda burada təmkinli diplomatiya da yürüdülməli idi. Məhz Azərbaycan Prezidenti cənab İlham Əliyevin təmkinli diplomatiyası sayəsində Azərbaycan Ordusu ən müasir silah-sursatla təchiz olundu. Ordunun gücü onun insan kapitalı ilə ölçülür. Bu baxımdan, Azərbaycan Ordusu yüksək əhvali-ruhiyyədə yetişdirildi. Bunun nəticəsidir ki, şanlı ordumuzda 44 günlük Vətən müharibəsi ərzində bir nəfər olsun belə fərari qeydə alınmadı. Azərbaycanlı gənclər orduya yollanmaq üçün, döyüş meydanına getmək üçün sanki yarışa girmişdilər. Gənclər hərbi səfərbərlik tələb edirdilər. Bu, bütün dünyanı heyrətə gətirdi. Dünya Azərbaycan xalqının əzminə, torpaq sevgisinə, vətən sevdasına heyran qaldı. Lakin hərbi səfərbərliyə kütləvi şəkildə ehtiyac yox idi, çünki Azərbaycan Ordusu kifayət qədər güclü idi və yüksək səviyyədə  təchizatlandırılmışdı. 

Müharibə illərində hər kəs öz işini layiqincə, peşəkar formada yerinə yetirmək, icra etmək üçün çalışırdı. Çünki xalqımızın yeganə amalı zəfəri qazanmaq idi. 27 sentyabr tarixində başladığımız Zəfər yürüşü tarixi qələbə ilə yekunlaşdı və Ermənistan məğlubiyyətə uğradıldı. 

Azərbaycan ötən illər ərzində Ermənistana açıq şəkildə bildirmişdi ki, torpaqlarımızı sülh yolu ilə özümüzə təhvil versin. Ermənistana havadarlıq edən qüvvələr Azərbaycana o fikri aşılayırdılar ki, heç bir halda münaqişənin hərbi həll variantı yoxdur. Azərbaycanın dövlət başçısı bütün beynəlxalq kürsülərdən haqq səsimizi dünyaya çatdırırdı. Prezident İlham Əliyev gənclərimizi ideoloji baxımından sağlam ruhda, vətənpərvərlik ruhunda yetişdirməyə önəm verirdi. Buna görədir ki, Qarabağı heç vaxt, ömürlərində bir dəfə olsun belə görməyən gənclər döyüşə yollanaraq canlarından və qanlarından keçdilər. Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının dörd qətnaməsini özü icra etdi. Azərbaycan turist diplomatiyası ilə məşğul olan şəxslərə öz layiqli yerini göstərməyi bacardı. Azərbaycan Ermənistana havadarlıq edən böyük dövlətlərə, eyni zamanda məkrli oyunlara çalışan kiçik dövlətlərə öz yerini göstərməyi bacardı. Bir daha sübut edildi ki, Azərbaycan xalqı məğlubedilməz xalqdır. 

Geriyə dönüb baxdığımız zaman çox böyük işlərin icra edildiyini görürük. Tarixi Zəfərimizin beş ili tamam oldu. Beş ildir ki, Azərbaycan Qarabağı və Şərqi Zəngəzuru yenidən qurur. Azərbaycan həm də Cənubi Qafqazın siyasi və iqtisadi xəritəsini yenidən formalaşdırır. Məsələ ondan ibarətdir ki, əldə etdiyimiz Zəfər sadəcə Azərbaycanın maraqlarını təmin etməklə yanaşı, həm də bütün region xalqlarının sosial-iqtisadi inkişafını, sülh və rifah içində yaşamasını təmin edir. Nəqliyyat və kommunikasiyaların açılması, eyni zamanda Zəngəzur dəhlizinin (TRIPP) açılmasına razılığın olması və Orta dəhlizin reallaşdırılması ondan xəbər verir ki, Cənubi Qafqaza sülh gələcəkdir. Azərbaycan dövlətinin başçısı bütün bunları gerçəkləşdirir. Bu addımlar bütün regiona çoxdan lazım idi. Amma bütün bunlara nail olmaq heç də asan məsələ deyildi. Bütün bu çətin işlərin  öhdəsindən məhz Ümummilli Lider Heydər Əliyevin idealları gəldi. Onun ideologiyası Azərbaycan xalqını Zəfərə qovuşdurdu. 44 günlük Vətən müharibəsində Azərbaycanın igid oğul və qızları Müzəffər Ali Baş Komandanın ətrafında birləşdi. Məhz qələbəmizi təmin edən amil xalq-dövlət-ordu birliyi idi. 

Azərbaycan xalqı artıq qürurlu, alnıaçıq xalq kim yaşayır. Biz dünyaya göstərdik ki, heç bir halda qürurumuzu, mübarizliyimizi, iradəmizi sındırmaq mümkün deyil. Müzəffər Ali Baş Komandanımız Zəfərin əldə edilməsində canından keçən qəhrəmanlarımızı hər zaman minnətdarlıq hissi ilə anır. Xalqımız hər zaman onlara borcludur. Allah bütün şəhidlərimizə rəhmət eləsin. 

Azər BADAMOV,

Milli Məclisin deputatı

Seçilən
61
azerbaijan-news.az

1Mənbələr