AZ

Azərbaycanda Dövlət Bayrağı Günüdür

9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur.

AzEdu.az xatırladır ki, bu əlamətdar tarix Azərbaycan Respublikasının dövlət müstəqilliyinin və milli kimliyinin simvollarından biri olan üçrəngli bayrağa hörmət və sevginin ifadəsidir.

Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 9 noyabr tarixli qərarı ilə üçrəngli – mavi, qırmızı və yaşıl zolaqlardan ibarət bayraq dövlət bayrağı kimi qəbul olunub. 

1920-ci il aprelin 27-də bolşevik işğalından sonra AXC-nin bayrağı Azərbaycan SSR-in qırmızı rəngli oraq-çəkicli bayrağı ilə əvəzlənib.

1990-cı il noyabrın 17-də Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə üçrəngli bayraq Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı kimi qəbul edilib.

Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Sovetinin Heydər Əliyevin sədrliyi ilə keçirilən sessiyasında ilk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı kimi qəbul olunmasına qərar verilib.

1991-ci il fevralın 5-də isə Azərbaycan Ali Sovetinin qərarı ilə hazırkı üçrəngli və ay-ulduzlu bayraq müstəqil respublikanın dövlət bayrağı elan edilib.

Azərbaycan Respublikasının Dövlət bayrağı eni və uzunluğu bərabər olan rəngli üç üfüqi zolaqdan ibarət düzbucaqlı parça şəklindədir: üst zolaq mavi rəngdə, orta zolaq qırmızı rəngdə, aşağı zolaq yaşıl rəngdədir. Bayrağın hər iki üzündə qırmızı zolağın ortasında ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri var.

Bayrağın eninin uzununa nisbəti 1:2-dir. Ayparanın və səkkizguşəli ulduzun təsvirləri tərəflərinin nisbəti 3:4 olan düzbucaqlının içərisində yerləşir; düzbucaqlının diaqonalı bayrağın eninin 1/2-nə bərabərdir. Ayparanın təsviri konsentrik (eyni mərkəzli) olmayan iki dairənin hissələri şəklindədir; böyük dairənin diametri xarici düzbucaqlının eninə, kiçik dairənin diametri isə bayrağın eninin 1/4-nə bərabərdir. Kiçik dairənin mərkəzi bayrağın həndəsi mərkəzindən sol tərəfdə, bayrağın eninin 1/60-nə bərabər olan məsafədə yerləşir. Səkkizguşəli ulduzun təsviri ayparadan sağda yerləşir, ulduzun xarici dairəsinin diametri bayrağın eninin 1/6-ni, daxili dairəsinin diametri isə 1/12-ni təşkil edir.

Dövlət Bayrağı Günü qeyri-iş günü hesab olunur.

Seçilən
16
12
azedu.az

10Mənbələr