AZ

Zəfər Günü çağdaş tariximizin dönüş nöqtəsidir



Zəfər Günü çağdaş tariximizin dönüş nöqtəsidir. Bu, cəmiyyətdəki yerindən, siyasi mövqeyindən və dünyanın hansı ölkələrində yaşamaqlarından asılı olmayaraq bütün azərbaycanlıların qeyd-şərtsiz qəbul etdiyi danılmaz gerçəklikdir. Çünki 8 Noyabr – Zəfər Günü qədim və keşməkeşli tarixə malik olan ulu xalqımızın qəhrəmanlıq iradəsini, onun azadlıq uğrunda sarsılmaz mübarizə əzmini və eyni zamanda, milli birlik və həmrəylik yolunu təcəssüm etdirir.

Bu şanlı tarixi gün, həmçinin ilahi ədalətin və beynəlxalq hüququn bərpasını, torpaqlarımızn azadlığını və milli qürurun dirçəlişini, milli ləyaqətimizin özünütəsdiqini ifadə edir. Rəşadətli Ordumuzun 2020-ci ilin 8 noyabrında Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə son nöqtəsini, nidasını qoyduğu bu misilsiz Qələbə torpaqlarımızın azad olunması və tarixi ədalətin bərpasını ehtiva etməklə yanaşı, xalqımızın yenilməzliyinin və milli birliyinin parlaq simvoludur.

Zəfər Günü, həmçinin müstəqil dövlətimizin gücü, ordumuzun qüdrəti və xalqımızın mübarizə ruhundan ərsəyə gələn şanlı Qələbəni əbədiləşdirir. Biz bu qüruru Azərbaycan xalqına yaşadan, Vətən uğrunda canını fəda etmiş şəhidlərimizə Allahdan sonsuz rəhmət diləyirik. Onların fədakarlığını daim xatırlamaq və xatırlatmaq hər birimizin mənəvi borcumuzdur. Eyni zamanda, şanlı Ordumuzun əsgər və zabitlərinə, qazilərimizə də dərin minnətdarlığımızı bildirir, onlara möhkəm can sağlığı arzulayırıq. Onların göstərdikləri misilsiz şücaət xalqımız tərəfindən daim böyük ehtiramla xatırlanacaq.

Zəfər Gününün memarı olan Ali Baş Komandanımız İlham Əliyevə isə təşəkkür etməklə bərabər, həm də onu ürəkdən təbrik edirik. Çünki bir Ali Baş Komandan kimi, sərkərdə və lider kimi İlham Əliyevin 44 günlük Vətən müharibəsi zamanı göstərdiyi qətiyyət, onun yenilməz iradə və əzmkarlığı bu şanlı Qələbəni ən yeni tariximizin mütləq həqiqətinə, mübahisəolunmaz gerçəkliyinə çevirdi. 2020-ci il sentyabrın 27-də Ermənistanın həyata keçirdiyi hərbi təxribatlara cavab olaraq başlanan 44 günlük Vətən müharibəsi, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik və qətiyyətli rəhbərliyi sayəsində xalqımızın tarixi Qələbəsi ilə yekunlaşdı. “Dəmir Yumruq” əməliyyatı çərçivəsində Azərbaycan Ordusu düşmənin illərlə möhkəmləndirdiyi müdafiə sədlərini (o cümlədən çoxlu piar olunmuş "Ohanyan səddi"ni) qəhrəmancasına yararaq qısa müddət ərzində torpaqlarımızı işğaldan azad etdi, ölkəmizin suverenliyini və ərazi bütövlüyünü tam bərpa etdi.

Bizim Qələbəmiz dünya miqyasında da böyük zəfər salnaməsi kimi qəbul edilir. Çünki Azərbaycan 21-ci əsrdə müharibə meydanında tam və qəti qələbə qazanan və öz ərazi bütövlüyünü bərpa etməyə müvəffəq olan yeganə ölkədir. 44 günlük müharibədə qazandığımız Zəfər həm Ermənistanın işğalçı siyasətinə son qoydu, həm də Rusiyanın postsovet məkanında yürütdüyü neokolonialist siyasətinə ağır zərbə vuraraq Cənubi Qafqazda yeni reallıqların və yeni geosiyasi düzənin formalaşmasına gətirib çıxardı. Prezident İlham Əliyevin vurğuladığı kimi biz öz torpaqlarımızı azad etməklə, həm də beynəlxalq hüququn sarsılmış prinsiplərinə həyat verdik, beynəlxalq hüququ hərəkətə gətirdik. Eyni zamanda, tarixi Qələbəmiz diplomatik müstəvidə də ölkəmizin mövqelərini daha da gücləndirdi, Azərbaycan regionun aparıcı gücünə, həlledici söz sahibinə çevrildi.

Bu gün Zəfərimizin beşinci ildönümü tamam olur. Müzəffər Ordumuzun 2020-ci ilin 8 noyabrında ağır hava və döyüş şəraitində sıldırım qayalıqları aşaraq Şuşaya daxil olması və şəhərin mənfur düşməndən azad olunması nəinki bizim, eləcə də bütün dünya hərb tarixinin nadir nümunələrindən biridir. Şuşanın azad edilməsi 44 günlük müharibənin zirvə nöqtəsi oldu. Milli mədəniyyətimizin simvolu olan qədim Şuşanın düşmən işğalından azad edilməsi işğalçı Ermənistanı kapitulyasiya nöqtəsinə gətirdi və müharibənin taleyini həll etdi.

Cənab Prezidentin dediyi kimi Şuşasız bizim qələbəmiz yarımçıq qalardı. Bu baxımdan Şuşanın işğaldan azad edildiyi gün olaraq noyabrın 8-i tarixi yaddaşımıza milli qürurun təntənəsi və Zəfər Günü kimi yazıldı. 2020-ci il noyabrın 8-də Prezident İlham Əliyev Şəhidlər xiyabanından xalqa müraciət edərək bu tarixi Qələbə xəbərini böyük qürur və sevinc hissilə elan etdi. Beləliklə, həmin gün xalqın milli iradəsi, dövlət başçısının siyasi qətiyyəti və ordunun qəhrəmanlığı nəticəsində tarixi ədalət bərpa olundu və bütün dünya da bir daha gördü ki, Azərbaycan xalqı öz döyüş ruhunu qoruyan, öz torpağını, azadlığını və dövlətini qorumağa qadir olan cəngavər xalqdır. Ermənilərin özləri haqda yaratdıqları "qəhrəman", "məğlubedilməz xalq" mifləri isə tamamilə darmadağın oldu.

Bu gün Şuşanın işğaldan azad edildiyi gün həm Zəfər Günü kimi, həm də Şuşa şəhəri günü kimi təntənəli şəkildə qeyd olunur. Belə ki, Prezident İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərəncamı ilə 8 Noyabr “Zəfər Günü” elan edilib. Dövlətimizin başçısının 2023-cü il 31 iyul tarixli Sərəncamına əsasən isə 8 Noyabr - Şuşa Şəhəri Günü təsis olunub. Hər iki sərəncam xalqımızın qəhrəmanlıq salnaməsini əbədiləşdirir, Vətən müharibəsində qazanılmış tarixi Qələbəni şanlı miras kimi gələcək nəsillərə ötürür. Bu gün böyük Zəfərimizin 5 yaşı tamam olur. Gələcək nəsillər isə 50 ildən, 100 ildən sonra da bu mübarək günü eyni təntənə ilə, sonsuz qürur hissilə qeyd edəcəklər. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, “bu şanlı tarix bizimlə əbədi olacaq. Azərbaycan xalqı, gələcək nəsillər bu şanlı Qələbə ilə haqlı olaraq fəxr edəcəklər”.

Dövlət başçımızın, ordumuzun və xalqımızın mübarizə əzmi və xalq-dövlət arasındakı sarsılmaz birliyin nəticəsində qazanılan bu şanlı Qələbə gənclərimizin milli vətənpərvərlik ruhunda böyüməsində həmişə müstəsna rol oynayacaq. Zəfər Gününün təsis edilməsi, Hərbi Qənimətlər Parkının və Zəfər tağının yaradılması və bu qəbildən olan digər addımlar xalqın yaddaşında tarixi irsi əbədi olaraq qorumaqla yanaşı, gənc nəsildə qəhrəmanlıq ruhunun formalaşmasına xidmət edir. 8 Noyabr – Zəfər Günü qalib xalqın bayramıdır. Bu gün qalib ruhumuzun simvolu, milli birlik və həmrəyliyimizin istinad nöqtəsidir.

Biz qalib xalq və qalib dövlət kimi döyüş meydanlarında öz sözümüzü deyib tarixin gedişatını dəyişdiyimiz kimi, bu gün Şuşa başda olmaqla, azad edilmiş bütün ərazilərimizdə genişmiqyaslı bərpa və quruculuq işlərini həyata keçirməklə də kimin kim olduğunu bütün dünyaya əyani surətdə göstəririk. Erməni vandalizminə müharibə meydanında son qoyduğumuz kimi, bu vandalizmin ağır nəticələrinin aradan qaldırılması istiqamətində də xalq və dövlət olaraq bütün gücümüzü səfərbər etmişik. Hazırda Qarabağ və Şərqi Zəngəzurda reallaşdırılan nəhəng infrastruktur layihələri bölgənin dirçəlişinə təkan verir, yaralı torpaqlarımıza yeni nəfəs gətirir. Bu gün Şuşada, Xankəndidə, Füzulidə, Ağdamda, Zəngilanda, Cəbrayılda və digər yurd yerlərimizdə tikilən hər bir ev, hər bir məktəb milli ruhun dirçəlişinə və dövlətimizin qüdrətinin artmasına xidmət edir.

“Böyük Qayıdış” Proqramının uğurla həyata keçirilməsi döyüş meydanındakı Zəfərimizin quruculuq meydanındakı məntiqi davamıdır. O torpaqlara qayıdan hər bir soydaşımız da öz qayıdışı ilə Zəfərin davamçısına çevrilir. Məcburi köçkün həyatı ilə vidalaşan, yurduna, ocağının başına geri dönən insanlarımız Zəfərimizi möhkəmləndirirlər. “Böyük Qayıdış” Proqramı Zəfərimizin əsəridir. Bu proqramın icrası Azərbaycanda dayanıqlı inkişafın yeni mərhələsinə yol açıb.

Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl siyasət həm azad edilmiş ərazilərimizin, həm də bütövlükdə ölkəmizin dayanıqlı inkişafını sürətləndirir. Beləliklə, tarixi Zəfərimiz hərbi qüdrətimizin simvoluna çevrilməklə yanaşı, sosial-iqtisadi inkişafımızın güclənməsinə, dayanıqlı və sabit gələcəyin qurulmasına xidmət edir. Bu mənada 8 Noyabr - Zəfər Günü təkcə bayram günü yox, həm də Azərbaycanın və bütün Cənubi Qafqazın gələcəyinə yön verən geosiyasi faktordur.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Seçilən
44
newscenter.az

1Mənbələr