AZ

Bakının bir addımlığında ekofəlakət Toz tüstü vətəndaşı zəhərləyir (FOTO)

ain.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

Qobu bu gün toz içindədir. Sabah həmin tozun dənəcikləri Bakı küləyi ilə bütün şəhərin üzərinə yayılacaq. Onda artıq məsələ bir kəndin deyil, bir ölkənin problemi olacaq.

Abşeronun Qobu qəsəbəsində tənəffüs etmək artıq əzaba çevrilib. Hər axşam kəndin üzərinə çökən boz duman, havaya yayılan ağır toz kütləsi sadəcə sənaye tullantısı deyil, bu, bir qəsəbənin həyatdan qoparılması, insan həyatına verilən dəyərin ayaqlar altına atılmasıdır. Qobuda kərpic zavodu fəaliyyət göstərir, amma sanki orada kərpic deyil, insanların nəfəsi bişirilir. İllərdir sakinlər pəncərələrini bağlayır, uşaqlar öskürə-öskürə yatır, ağacların yarpaqları boz örtüyə bürünür. Kəndin havası ağır, torpağı tozla qarışıq, həyətlərə kül kimi çökmüş zərərli maddələr insan sağlamlığını səssiz şəkildə məhv edir. Bu, artıq bir müəssisənin fəaliyyəti deyil, ekoloji fəlakətin mərkəzi nöqtəsidir.

Dövlət qurumları hər dəfə “monitorinq apardıq, cərimə yazdıq” deməklə kifayətlənir. Amma havada hələ də tüstü var. Cərimə ödənir, zavod işləməyə, insanlar isə toz içində nəfəs almağa davam edir. 2024-cü ildə qaz-toz tutucu qurğunun olmamasına görə protokol tərtib edilib, 2025-ci ildə isə yenidən eyni mənzərə, sanki heç nə dəyişməyib. Filtrlər kağızda var, gerçəkdə yox.

Ən acısı odur ki, bu zavodun bacalarından çıxan tüstü təkcə atmosferi deyil, dövlətin vətəndaşa münasibətini də çirkləndirir. Çünki orada yaşayan insanlara “sizin nəfəsinizin qiyməti yoxdur” mesajı verilir. Hər dəfə eyni cümlələr səslənir: “Araşdıracağıq, ölçəcəyik, tədbir görüləcək.” Amma nəticə? Hər axşam eyni tüstü, eyni qoxu, eyni səssiz qətl.

“Ətraf mühitin mühafizəsi haqqında” Qanun isə yalnız kağız üzərində yaşayır. Qobuda zavodla evlər arasında demək olar ki, məsafə yoxdur. İnsanların həyəti ilə sənaye sahəsi birləşib. Uşaqlar tozun içində oynayır, analar paltarları evin içində asır, çünki çöldə toz yağış kimi yağır. Hər nəfəs bir zəhər dozasıdır. Bu zəhəri isə kiminsə laqeydliyi, kiminsə səhlənkarlığı təmin edir.

Bəli, sənaye inkişaf etməlidir. Amma insanın, torpağın, havanın məhvi bahasına yox. Qobuda baş verənlər bir zavodun deyil, bir sistemin günahıdır. Əgər bu gün bir kəndin üzərinə toz tökülürsə və heç kim məsuliyyət daşımırsa, sabah o toz Bakının, Sumqayıtın, bütün ölkənin havasına qarışacaq.

Bu, sadəcə ekologiya məsələsi deyil, vicdan və məsuliyyət məsələsidir. Qobu boğulur, amma onu qurtarmağa çalışan yoxdur. İnsanların səssiz fəryadı filtrlərin arasına ilişib qalıb. Hər nəfəsdə bir az ümid, bir az acı, bir az qəzəb var.

Əgər bu ölkədə insanın nəfəsi dəyərsizdirsə, onda hansı dəyərdən danışırıq? Qobuda hava ilə birgə insanlara verilən dəyər də çirklənir.

Samir Əsədli

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
azpolitika.info

1Mənbələr