Rusiya ordusu ötən gecədən etibarən Ukraynanın Odessa şəhərinə dron və raket hücumları həyata keçirib.
Musavat.com xəbər verir ki, hücumlar nəticəsində şəhərin enerji infrastrukturunda ciddi zədələnmələr yaranıb, işıq və istilik təminatında kəsintilər qeydə alınıb.
Musavat.com-un Ukrayna üzrə xüsusi müxbiri, jurnalist Anar Natiqoğlu bildirir ki, Odessa üzərində hava hücum siqnalları fasiləsiz səslənib və şəhərin müxtəlif istiqamətlərində enerji paylayıcı stansiyalar vurulub. Onun sözlərinə görə, Ukrayna tərəfindən koordinat məlumatlarının sızma riski olduğuna görə hücum anlarının yuxarıdan çəkilmiş video görüntülərinin paylaşılması qadağan edilib:
“Odessada ən böyük təhlükə odur ki, hədəf təyin edilə bilər. Dövlət qurumları yuxarı rakursdan çəkilişə icazə vermir. Hazırda şəhərdə elektrik, su və istilik təminatında ciddi problemlər var. Rusiya hücumları fasiləsiz davam edir,” — deyə jurnalist Anar Natiqoğlu Musavat.com-a bildirib.
Qeyd edək ki, Rusiya son həftələrdə xüsusilə Odessa liman infrastrukturunu və enerji sistemini hədəfə alır. Bu hücumlar Ukraynanın Qara dəniz iqtisadi fəaliyyətinə zərbə vurmaq məqsədi daşıyır.
Musavat.com