AZ

Hərbi Liseydə Şəhidlər muzeyi

Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Şəhidlər muzeyindəyik. Vətənimizin bötövlüyü və suverenliyi uğrunda son nəfəsinə qədər rəşadətlə döyüşərək şəhidlik zirvəsinə yüksələn liseyin 120 zabitinin xatirəsi burada da əbədiləşdirilib.

Muzeyin bələdçisi, şəhid anası Vəfa Elvin şəhidlərin yüksək vətənpərvərliyinin və qəhrəmanlığının kursantlar tərəfindən diqqətlə öyrənildiyinə toxunaraq – muzeydə dərslərin hər bir şəhidin igidlik dastanı əsasında keçirildiyini bildirdi. Kursantlar Zəfər qələbəsinin necə qazanıldığını və əsgərlərimizin döyüş meydanında əzmkarlığını görür və nümunə götürməyə çalışır. Çünki dərsdə bütün anaların təmsilçisi olaraq zabitlərimizin liseydə təhsil aldığı və zabit kimi döyüşlərdə iştirakı barədə qürur hissi ilə danışıram – deyir.

Muzeydə şəhidlərin xatirəsini yaşadan ayrı-ayrı əşyaları barədə ətraflı məlumat toplanıb və gələcəyin zabitlərini hazırlayan bir lisey olaraq kursantlara deyirik ki, burada 19 Vətən Müharibəsi Qəhrəmanı, 11 Milli Qəhrəman təhsil alıb, hər birinin döyüş rəşadəti yüksək qiymətləndirilib və Prezident İlham Əliyevin sərəncamları ilə orden və medallarla təltif olunublar. Bu barədə danışanda hiss edirəm ki, kursantların vətənpərvərliyi və rəşadəti yüksəlir.

Vəfa xanım deyir ki, ilk dərsdə kursantlara liseydə təhsil alan şəhid Elvin Şükürlünün anası kimi təqdim olunanda hər biri gözümün içinə diqqətlə baxır. Onların qarşısında qürurla dayanmaq mənim borcumdur, çünki Vətənimizin qorunması gələcək zabitlərin əlindədir. Bu mənada şəhid zabit anası kursant qarşısında alnıaçıq durmalıdır. Qoy onlar məni öz analarının yerində görsünlər. Hər dəfə şəhidlərin xatirəsi olan əşyalarına baxanda sanki onları “yaşadıram”. Dərsdə kursantlar o qədər sakit və diqqətli olurlar ki, sanki burada 120 şəhidin ruhu dayanıb.

Vəfa Elvin muzeydə olan eksponatlar barədə danışaraq deyir: “Mən bu işə təyin olunanda elə bil həyata yenidən gəldim və dünyanın ən uca zirvəsində olan şəhidlərimizə “qovuşdum”. Buna görə də muzeyə daxil olanda, “sabahınız xeyir, cənab zabitlər” deyərək müraciət edirəm. Mənim üçün ən böyük qürur Şəhidlər muzeyində işləməklə onları yaşatmağımdır. Çünki şəhidlərin əşyalarına baxmaq, onları təmizləmək, səliqə ilə düzmək və təbliğ etmək ayrı bir duyğudur. Hər birinin ruhunu qəlbimdə hiss edirəm və hər pəncərədən baxanda onların ayaq səslərini belə hiss edirəm.

Qeyd olundu ki, mütəmadi surətdə şəhid ailələri ilə birlikdə uşaqları və əzizləri də gələrək buranı ziyarət edirlər.

Muzeydə toplanan şəhid kursantların venetkaları da qəhrəmanlıq tariximizdir: “Gələcək zabitlər ona baxan kimi deyirlər ki, mən də onlar kimi olmaq istərdim. Budur, vətənpərvərlik və qəhrəmanlıq nümunəsi. Şəhidlər həyat yolları ilə gənc zabitlərə canlı örnəkdir. Liseyimizin qurucusu olan ulu öndər Heydər Əliyev deyirdi ki, insan həyatda hər şeyi öyrənə bilər, ancaq cəsarətdən və sədaqətdən başqa. Çünki bu hər kəsin qanında olmalıdır. Muzeydə keçirilən dərslərdən hiss edirəm ki, belə cəsarət və xalqa sədaqət onların əməlində formalaşır. Bununla yanaşı, muzeydə hər bir şəhidin videogörüntüləri də toplanıb”.

Vətən Müharibəsi Qəhrəmanı, liseyin rəisi, polkovnik Anar Mirzəyev muzeyin tarixi əhəmiyyəti haqqında danışaraq dedi ki, biz burada şəhidlərimizin xatirəsini əbədi olaraq daim uca tutmaqla onların qəhrəmanlığını canlı örnək kimi kursantlara öyrədirik.

Mikayıl NƏRİMANOĞLU,
XQ-nin bölgə müxbiri

Seçilən
47
1
xalqqazeti.az

2Mənbələr