AZ

Soydaşımıza “Çingiz Aytmatov medalı” təqdim edilib

Qırğızıstan Milli Yazıçılar Birliyinin iclas zalında Əməkdar mədəniyyət işçisi, Azərbaycan Milli Elmlər Akademiyasının baş elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru İftixar Piriyevlə görüş və onun yeni monoqrafiyalarının təqdimatı keçirilib.

Mərasimdə Qırğızıstan Milli Yazıçılar Milli Birliyinin rəhbərliyi, Azərbaycanın Qırğızıstandakı səfirliyinin müşaviri, yazıçılar, alimlər, ictimai xadimlər və Bişkekdəki Azərbaycan, Tacikistan və Özbəkistan milli-mədəni mərkəzlərinin rəhbərləri iştirak ediblər.

Çıxış edənlər soydaşımızın yaradıcılığını və elmi fəaliyyətini yüksək qiymətləndiriblər. Qeyd edilib ki, o, iki xalq arasında elmi-humanitar əlaqələrə, teatr tarixi və nəzəriyyəsinin inkişafına mühüm şəxsi töhfələr verir. Onun “Elçinin teatrı: qeyri-səlis məntiq nəzəriyyəsi kontekstində absurd dram” və “Qeyri-səlis məntiq və teatr” monoqrafiyaları dünya teatra sənətinə hərtərəfli baxışı və xülasəni təqdim edir.

Beynəlxalq İssık-Kul Forumunun prezidenti və dünya şöhrətli yazıçının oğlu Əsgər Aytmatov qeyd edib ki, İftixar Piriyev teatr, poeziya və elmi-yaradıcılıq vasitəsilə yüksək mənəvi dəyərlərin təbliğindəki, eləcə də Ç.Aytmatovun humanist irsinin populyarlaşdırılmasındakı nailiyyətlərinə görə “Çingiz Aytmatov medalı” ilə təltif olunur. O, yüksək mükafatı qonağa təqdim edib. Mərasimdə həmyerlimizə böyük sufi şairi və maarifçisi Xocanəzər Xuvaydo adına beynəlxalq elm və təhsil fondunun fəxri sertifikatı da təqdim edilib.

Səxavət HƏMİD
XQ

Seçilən
39
xalqqazeti.az

1Mənbələr