AZ

Azərbaycan-Türkiyə-Pakistan birliyi dünyada hərbi güc mərkəzinə çevrilib

Qələbənin 5 illiyi münasibəti ilə keçirilən Hərbi Paradda Azərbaycanın hərbi potensialın nümayişi  ölkə vətəndaşları üçün çox qürurverici idi

Dünya tarixinin acı təcrübələri göstərir ki, sülh – sadəcə niyyətlə və arzularla qorunmur. Hər bir xalqın təhlükəsizliyi, ərazi bütövlüyü və siyasi müstəqilliyi güclü ordunun varlığı ilə təmin olunur. 90-cı illərdə də Azərbaycan sülhün tərəfində olub, amma ərazilərimiz işğal olundu, şəhərlərimiz, qəsəbələrimiz və kəndlərimiz viran qoyuldu. 
Məhz buna görə Azərbaycan dövləti illər boyu məqsədyönlü şəkildə ordu quruculuğunu prioritetə çevirib.
Bu fikirləri “İki sahil”ə açıqlamasında “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” ictimai birliyinin sədri, QHT.az saytın rəhbəri Cəsarət Hüseynzadə bildirib.
Təşkilat sədri qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələri bu gün regionda ən müasir, ən çevik və ən güclü ordulardan biri kimi formalaşıb. 

“44 günlük Vətən müharibəsi və ardınca keçirilən antiterror tədbirləri sübut etdi ki, güclü ordu həm ədalətin bərpasının, həm də uzunmüddətli sülhün əsas şərtidir. Bu gün Azərbaycan Ordusunun mövcud gücü sayəsində  vətəndaşlar gələcəyə daha inamla baxırlar.
Qələbənin 5 illiyi münasibəti ilə keçirilən Hərbi Paradda Azərbaycanın hərbi potensialın nümayişi  ölkə vətəndaşları üçün çox qürurverici idi. Çünki gücümüzü, böyüklüyümüzü bir daha gördük. Gördük ki, biz nə qədər inkişaf etmişik, müasirləşmişik. Həm quru qoşunlar, həm hərbi hava qüvvələri, həm də hava hücumundan müdafiə vasitələri ən müasir yenilənmələri əldə edib.”
 C.Hüseynzadə bildirib ki, necə deyələr, bu parada baxan dostlar sevindi, düşmənin isə bağrı yarıldı.
“Parad eyni zamanda Bakının yeni güc mərkəzinə çevrildiyini də bütün dünyaya göstərdi. Azərbaycan-Türkiyə-Pakistan üçbucağı həm regionun, həm də dünyanın çox vacib hərbi güc mərkəzinə çevrilib.
Güclü ordu heç vaxt müharibə istəmir — əksinə, müharibəni olmadan önləyən ən böyük sülh amilidir. Əgər bir xalqın ordusu güclüdürsə, onun sözünə qulaq asırlar. Əgər ordusu güclüdürsə, onun torpağına göz dikməyə cürət edən olmur. Sülhü qorumağın ən etibarlı yolu məhz budur.”

Bu gün Azərbaycan Azərbaycanın səsi regionda daha güclü, mövqeyi daha müəyyən və siyasi çəkisi daha ağırlıdırsa, bunun başlıca səbəbi güclü Azərbaycan ordusudur. Məhz güclü ordu dövlətin suverenliyini qoruyur, milli qüruru ucaldır, torpaqlarımızın təhlükəsizliyinə təminat yaradır. Güclü ordu – güclü dövlət, güclü dövlət isə davamlı sülh deməkdir.Bu prinsip bu gün Azərbaycan dövlətinin strateji xəttinin əsas sütunlarından biridir – deyə QHT sədri vurğulayıb.

Yaqut Ağaşahqızı, “İki sahil”

Seçilən
28
ikisahil.az

1Mənbələr