BAKI, 9 noyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Trampın narkotik qaçaqmalçılığı adı altında Cənubi Amerika sahillərində gəmilərə edilən hücumlar beynəlxalq dəniz qanunvericiliyinin pozulmasıdır.
Teleqraf xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Jan-Noel Barro “Le Journal du Dimanche” nəşrinə müsahibəsində bildirib.
“Biz ABŞ-ın beynəlxalq sularda beynəlxalq hüquq və dəniz hüququnu pozan zərbələrini narahatlıqla izləyirik”, - Barro vurğulayıb.
Fransanın xarici işlər naziri əlavə edib ki, Paris narkotik kartellərinin çiçəklənməsinə və regional təhlükəsizliyə təhdidlərinə imkan vermək niyyətində deyil: "ABŞ-nin tətbiq etdiyi zorakı üsullardan fərqli olaraq, Fransa narkotik alverçilərinin həbsinin və qanuni yollarla narkotik ticarətinin qarşısının alınmasının tərəfdarıdır!.
Noyabrın 6-da Tramp bəyan edib ki, ABŞ ordusu tərəfindən narkotik qaçaqmalçılığı ilə məşğul olan hər bir gəminin məhv edilməsi ölkədə 25 000-ə qədər insanın həyatını xilas edəcək.