Şanxayda (Çin – red.) 10 dəqiqəlik hava taksisi ilə uçuşun gələcəkdə 59 yuan (təxminən 8,3 ABŞ dolları) olacağı gözlənilir.
Bakıvaxtı.az-ın Şanxay Televiziyasına istinadən məlumatına görə, bu plan 8-ci Çin Beynəlxalq İdxal Sərgisində "Vertaxi" şirkəti tərəfindən təqdim edilib.
Şirkətin təqdim etdiyi nəqliyyat vasitəsi şaquli qalxma və enmə qabiliyyətinə malik elektriklə işləyən uçan aparatdır. Şirkət bildirib ki, 10 dəqiqəlik aerotaksi uçuşu ilə meqapolisin yarısını qət etmək mümkündür – məsələn, şəhərin qərbində yerləşən Honqçyao nəqliyyat qovşağından mərkəzi işgüzar rayon olan Lujiazuiyə qədər. Müqayisə üçün qeyd edək ki, bu məsafəni avtomobillə qət etmək təxminən 40 dəqiqə çəkir.
İstehsalçının qiymətləndirməsinə görə, ilkin mərhələdə tariflər adi taksilərlə müqayisədə bir qədər yüksək olacaq, lakin hava marşrutları genişləndikcə qiymətlər kəskin şəkildə azalacaq. Qısa məsafəli uçuşların qiyməti 50 yuandan (7 dollar), şəhərlərarası marşrutlar üçün isə 100 yuandan (14 dollar) başlayacaq. Beş nəfərlik hava taksisində həmçinin uzunluğu təxminən 50 sm olan beş standart çamadan üçün yer olacaq.