BBC-nin baş direktoru Tim Deyvi ABŞ prezidenti Donald Trampın çıxışının montajı ilə izləyiciləri çaşdıran BBC Panorama sənədli filminin tənqidindən sonra istefa verib.
Musavat.com xəbər verir ki, məlumatı BBC özü yayıb. Yayımçı bildirib ki, xəbərlər üzrə baş direktor Deborah Turness də istefa verib.
Deyvinin 2020-ci ilin sentyabrında başlayan Baş direktorluq müddəti çoxsaylı mübahisələr və qalmaqallarla yadda qalıb və müxtəlif dairələrdən sərt tənqid olunduğu gərgin bir həftə ilə başa çatıb.
Korporasiyanın noyabrın 10-da ABŞ prezidenti Donald Trampın “Panorama”dakı çıxışının montajı da daxil olmaqla, qərəzsizliklə bağlı narahatlıqlara görə üzr istəməsi gözlənilirdi. Keçən ilki ABŞ seçkilərindən bir həftə əvvəl BBC-də yayımlanan "Tramp: İkinci Şans?" verilişindən bir parçada ABŞ prezidentinin 6 yanvar 2021-ci il tarixli çıxışının fraqmentləri bir araya gətirilərək, dinləyicilərdə tərəfdarlarına "dəli kimi mübarizə aparmaq" üçün onlarla birlikdə Kapitoliyə yürüş etmək niyyətində olduğunu söylədiyi təəssüratı yaradılıb.
Musavat.com