Qətərin paytaxtı Dohada Zəfər Gününün 5-ci ildönümü münasibətilə bayram tədbiri keçirilib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, Azərbaycanın Qətərdəki səfirliyi tərəfindən təşkil edilən tədbirdə Türkiyə, Pakistan, Ukrayna, Türkmənistan və digər dost ölkələrin səfirləri və diplomatları, eləcə də müvəqqəti işlər vəkilləri, Qətər-Türkiyə Müştərək Hərbi Qüvvələrinin rəhbər heyəti, qətərli iş adamları, yerli ərəb və ingilisdilli qəzetlərin təmsilçiləri, Qətərdə yaşayan azərbaycanlılar iştirak ediblər.
Tədbirin əvvəlində noyabrın 8-də Bakıda Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Məhəmməd Şahbazın iştirakı ilə keçirilmiş hərbi paradla bağlı videoçarx nümayiş olunub. Daha sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.
Azərbaycanın Qətərdəki səfiri Adış Məmmədov tədbirdə çıxışında şanlı Qələbə ilə nəticələnən 44 günlük Vətən müharibəsinin səbəb və tarixi barədə məlumat verib.
A.Məmmədov Ermənistanın hərbi təcavüzü nəticəsində 30 il işğal altında qalan torpaqlarımızın qüdrətli Azərbaycan Ordusunun apardığı 44 günlük müharibə ilə azad edildiyini və ərazi bütövlüyümüzün təmin olunduğunu bildirib.
Səfir Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycan xalqının yaşadığı məhrumiyyətləri daha yaxşı anlamaq üçün Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı qısa məlumat verib. Azərbaycanlıların erməni qüvvələri tərəfindən əvvəlcə Ermənistan ərazisindəki doğma tarixi yurdlarından, daha sonra isə Azərbaycanın Qarabağ torpağından didərgin salındığını qeyd edib.
Səfir, həmçinin Azərbaycanın münaqişənin həlli yolunda atdığı addımlar, beynəlxalq təşkilatların qətnamələri haqqında qısa danışıb.
Müharibədən sonrakı proseslərdən danışan A.Məmmədov Azərbaycan hökumətinin işğaldan azad olunmuş bu ərazilərdə dərhal genişmiqyaslı yenidənqurma işlərinə başladığını, qısa müddət ərzində yeni müasir yollar, körpülər, hava limanları, ağıllı kəndlər və şəhərlər tikildiyini vurğulayıb.
Səfir Şərqlə Qərb arasında körpü rolunu oynayan Azərbaycanın regionda sülhün bərqərar olmasına öz töhfəsini verdiyini bildirib.
Çıxışdan sonra Zəfər Günü ilə əlaqədar videoçarx göstərilib.
Tədbirin sonunda iştirakçılar Azərbaycan musiqi parçalarına qulaq asıblar, milli yeməklərimizin və şirniyyatlarımızın dadına baxıblar. Bundan başqa, qonaqlara Azərbaycan ordusunun zəfər simvolu kimi tanınan "Xarıbülbül" döş nişanları hədiyyə edilib.