AZ

Səhər idmanı niyə çətin gəlir? - Mütəxəssislər səbəbləri açıqladı

Elmi araşdırmalara görə, səhər idmanı arıqlama prosesini sürətləndirə bilər. Lakin eyni zamanda bir çox tədqiqat göstərir ki, insanların əksəriyyəti günün orta və axşam saatlarında özünü daha güclü, enerjili və dözümlü hiss edir.

Milli.Az xəbər verir ki, "Independent" portalı bunun bir neçə fizioloji səbəbini açıqlayıb.

Sirkad ritm bədənin fəaliyyətini müəyyənləşdirir

İnsan orqanizmi 24 saatlıq bioloji dövrə - sirkad ritm ilə işləyir. Bu ritm hormonları, bədən istiliyini və oyanıqlıq səviyyəsini idarə edir. O, beyində formalaşsa da, gün işığı kimi xarici amillərin təsirinə açıqdır. Məhz bu səbəbdən xüsusilə qış səhərlərində idman çoxlarına daha ağır gəlir.

Tədqiqatlara əsasən, insan bədəni 16:00-19:00 saatları arasında ən yüksək performans göstərir. Yəni bu saatlarda bədən daha elastik, dözümlü və güclü olur.

Səhər məşqlərinin çətin görünməsinin əsas elmi səbəbləri:

1. Bədən istiliyi
Orqanizmin daxili temperaturu səhər saatlarında, təxminən 05:00 radələrində, ən aşağı səviyyədə olur. Gün keçdikcə yüksələn temperatur əzələlərin daha səmərəli işləməsinə şərait yaradır. Bu səbəbdən axşam məşqləri zamanı daha çox enerji və güc müşahidə olunur.

2. Hormonal dəyişikliklər
Səhər saatlarında insulin hormonu ən yüksək səviyyədə olur. Bu, qan şəkərinin azalmasına və bədənin daha az enerji sərf etməsinə səbəb olur. Nəticədə səhər idmanı daha yorucu və ağır hiss edilə bilər.

3. Sinir sisteminin aktivliyi
Elmi sübutlar göstərir ki, gün ərzində sinir sistemi əzələlərə siqnalları daha səmərəli şəkildə ötürür. Bu da daha çox əzələ lifinin aktivləşməsinə və fiziki performansın artmasına səbəb olur.

4. Yuxu xronotipi
Araşdırmalar sübut edir ki, "bayquşlar" (gec yatıb gec oyanan insanlar) səhər idmanında "qaranquşlar" qədər uğurlu olmur. Lakin bəzi hallarda yuxusuzluq səhər yox, günorta məşqlərinə daha çox mənfi təsir göstərir. Yəni az yatan biri üçün səhər idmanı bəzən daha rahat ola bilər.

Qidalanma mütəxəssisləri əlavə edirlər ki, məşqdən əvvəl düzgün qida qəbulu həm bədənin performansını yüksəldir, həm də yağ yandırma prosesini gücləndirir.

Kənan
Milli.Az

Seçilən
9
2
milli.az

7Mənbələr