AZ

Azərbaycanın regional nəqliyyat və enerji strategiyasında rolu Müsahibə

Azertag saytından alınan məlumata görə, ain.az bildirir.

Bakı, 10 noyabr, Elmir Səftərov, AZƏRTAC

Gürcüstan Texniki Universitetinin Beynəlxalq münasibətlər üzrə professoru Valeri Modebadze AZƏRTAC-ın suallarını cavablandırıb.

- Azərbaycanın “Şimal–Cənub” nəqliyyat dəhlizinin inkişafındakı rolu necə qiymətləndirilir?

- Azərbaycan strateji mövqeyi ilə seçilir və ölkənizdən həm “Şimal–Cənub” nəqliyyat dəhlizi, həm də “Orta Dəhliz” keçir. Azərbaycan bu dəhlizdə əsas tranzit ölkə kimi çıxış edir və Rusiyanın strateji tərəfdaşları, xüsusilə İran və Hindistanla əlaqəsini təmin edir.

Azərbaycanın layihədə iştirakı kritik əhəmiyyət daşıyır. Azərbaycan vasitəsilə Rusiya İranın limanları ilə əlaqəsini gücləndirir və sonra Hindistana çatır. Ölkəniz strateji logistika mərkəzi kimi fəaliyyət göstərir, yükdaşımaları və ticarət axını Asiya ilə Avropa arasında həyata keçirilir.

Azərbaycan “Şimal–Cənub” dəhlizinin inkişafında mühüm rol oynaya bilər. Ölkəniz qonşu dövlətlərlə əməkdaşlığı gücləndirir, dəhlizin keçirmə qabiliyyətini artırmaq üçün aktiv səylər göstərir.

Böyük investisiyalar və maliyyə resursları dəhlizin dəmir yolu və avtomobil seqmentlərinin inşasına yönəldilir, mövcud nəqliyyat infrastrukturu isə modernləşdirilir. Xüsusilə Sumqayıt–Yalama və Alət–Osmanlı–Astara dəmir yolu xətlərinin rekonstruksiyası və modernləşdirilməsi prioritetdir.

Alət–Osmanlı–Astara dəmir yolu xəttinin 2028-ci ildə istifadəyə verilməsi Azərbaycanın tranzit funksiyasını xeyli artıracaq. Bu layihələrin reallaşması ölkənin geosiyasi və geoiqtisadi əhəmiyyətini yüksəldəcək və böyük maliyyə gəlirləri gətirəcək.

Azərbaycan bu layihələr vasitəsilə Avrasiya nəqliyyat və logistika mərkəzi kimi statusunu möhkəmləndirir və qonşu dövlətlərlə əməkdaşlığı davam etdirir.

- Bakıda keçirilən COP29 konfransının Azərbaycanın beynəlxalq imici və regional liderliyi üçün əhəmiyyəti nədir?

- 2024-ci ildə Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP29) Azərbaycanın beynəlxalq imicinin və regional liderlik mövqeyinin möhkəmlənməsi baxımından böyük əhəmiyyət kəsb edib.

Konfrans vasitəsilə Azərbaycan, ekoloji və iqlim məsələlərinə ciddi yanaşdığını göstərib, dünya ölkələri ilə ekoloji dialoqu gücləndirib. 198 ölkənin iştirak etdiyi bu tədbir, həm qlobal, həm də regional əməkdaşlığın vacibliyini vurğulayıb.

Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizə planlarına əsasən, 2050-ci ilə qədər istixana qazı emissiyalarının 1990-cı il səviyyəsinə nisbətən 40 faiz azaldılması və 2030-cu ilə qədər isə bərpaolunan enerji mənbələrinin payının 30 faizə çatdırılması hədəflənir.

Bu təşəbbüslər Azərbaycanın yaşıl enerji sahəsində dünya liderliyini hədəflədiyini göstərir.

- Mərkəzi Asiya ölkələri ilə Azərbaycanın əməkdaşlığı regionda nəqliyyat və enerji inteqrasiyasına necə töhfə verə bilər?

- Postsovet ölkələri qədim və modernizasiya olunmamış nəqliyyat infrastrukturu ilə üzləşirlər. Buna görə də mövcud infrastrukturun yenilənməsi, yeni yollar, dəmir yolu xətləri və limanların tikilməsi üçün ölkələr arasında sıx əməkdaşlıq tələb olunur.

Yükdaşımalarının effektivliyini artırmaq məqsədilə Qazaxıstan, Azərbaycan və Gürcüstan hökumətləri birgə logistika şirkəti yaratmaq qərarına gəliblər. Bu təşəbbüs ticarət axınlarını sürətləndirir, gömrük prosedurlarını sadələşdirir və tranzit zamanı yaranan problemləri aradan qaldırır.

Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq sərnişin və yükdaşımalarını asanlaşdırır, tariflərin harmonizasiyasını təmin edir və tranzit vaxtını və xərcləri əhəmiyyətli dərəcədə azaldır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
35
1
azertag.az

2Mənbələr