AZ

İslamda vəfat etmiş şəxsin cəsədini yarmaq olar? - İlahiyyatçıdan açıqlama

Son illərdə tibbi ekspertizalar, orqan transplantasiyaları və hüquqi prosedurlar fonunda mərhum şəxslərin cəsədlərinə müdaxilə mövzusu cəmiyyətdə müzakirə olunur. Bir çox ailə üçün dini qaydalar, ənənə və hörmət prinsipləri ön plandadır — eyni zamanda tibbi və hüquqi zərurətlər də reallıqdır. İslam bu məsələdə nə deyir? İslam vəfat etmiş şəxsin cəsədini yarmağa icazə verirmi? Zərurət olduqda meyitin yarılması ölənin ruhunu narahat  edir?
 
Moderator.az-a danışan ilahiyyatçı Əkrəm Həsənov deyib ki, islam dininə görə insan bədəninə, istər həyatda diri olanda, istərsə də ölü halında, böyük ehtiram göstərilməlidir:
 
 “Bu barədə Quranda “Biz Adəm övladını şərəfli etdik” (İsra, 70) buyurularaq bu hörmətin mahiyyəti açıq şəkildə göstərilir. Peyğəmbər (s) “Ölüyə edilən təhqir diriyə edilən təhqir kimidir” buyuraraq meyitin toxunulmazlığını təsbit etmişdir. Buna görə də müsəlmanın cəsədi üzərində lüzumsuz müdaxilə etmək, bədənini parçalamaq və ya onunla laqeyd davranmaq haram sayılır. Lakin İslamın əsas məqsədlərindən biri insan həyatını qorumaqdır. Quranda “Kim bir canı xilas edərsə, sanki bütün insanlığı xilas etmiş olur” (Maidə, 32) buyurulmuşdur. Bu ayə göstərir ki, həyatı xilas edən hər bir əməl Allah yanında uca savaba malikdir.
Bu prinsiplər əsasında müasir dövrdə İslam alimləri və fiqh məclisləri, o cümlədən Misir “Darul-İfta”, Səudiyyə Ərəbistanının Böyük Alimlər Heyəti və İslam Fiqh Akademiyası qərara gəlmişlər ki, əgər meyitin cəsədinə tibbi və ya hüquqi zərurət nəticəsində müdaxilə etmək həyatı xilas etməyə və ya ədaləti bərqərar etməyə xidmət edirsə, bu halda meyitin yarılması şəri baxımdan icazəlidir. Burada məqsəd təhqir və ya istismar yox, həyatın qorunması və haqqın bərpasıdır. Şərt odur ki, bu müdaxilə yalnız zəruri hallarda, mərhumun razılığı (və ya ailəsinin icazəsi) ilə, hörmət və ləyaqət çərçivəsində həyata keçirilsin. Orqanların satılması, bədən üzvlərinin ticarət predmeti olması qəti şəkildə haramdır”.
 
İlahiyyatçı bəzi insanların meyitin yarılmasının ruhu narahat edə biləcəyini düşündüyünü vurğulayıb:
 
 “Lakin İslam alimlərinin çoxu bildirir ki, ruh artıq Allah dərgahına qayıtmış olur və onun bədən üzərindəki tibbi əməliyyatlardan narahat olması kimi bir hökm yoxdur. Ruhun rahatlığı niyyətə və əmələ bağlıdır; əgər bu iş bir canı xilas etmək, bir insana sağlamlıq bəxş etmək niyyəti ilə görülürsə, bu, mərhumun ruhuna da savab gətirə bilər. Çünki bu əməl onun bədəni vasitəsilə bir başqasının həyatına səbəb olur.
Tibbi baxımdan da bəzi ölüm halları – xüsusilə beyin ölümü – geri dönməz proses sayıldığı üçün, alimlərin çoxu bu mərhələdən sonra orqan transplantasiyasına icazə verir. Əgər belə əməliyyatlar şəffaf şəkildə, razılıq əsasında və mərhumun hörməti qorunaraq aparılırsa, bu nə dini baxımdan, nə də etik baxımdan günah sayılmır. Əksinə, bu, həm həyatın qorunması, həm də insanlığa xidmət anlamı daşıyır.
Bir sözlə  İslam bu məsələdə nə fanatik qadağa, nə də sərbəstlik tərəfdarıdır. O, hər zaman balansı qoruyur: ölüyə hörmət, diriyə mərhəmət. Əgər meyitin yarılması zərurətdən doğursa, məqsədi xeyirdirsə və şəri şərtlərə riayət olunursa, bu, nə ruhu narahat edir, nə də dini prinsipləri pozur. Əksinə, belə bir əməl “həyatı qoruma” ilahi məqsədinin bir təzahürüdür”.
 
Əkrəm Həsənov fikrincə, bütün bədən üzvləri insana necə verilibsə ölənə qədər onu qoruyub saxlamalıdır:
 
“Öləndən sonra isə islamın göstərdiyi hörmət əsasında yuyulmalı, kəfənlənməli və torpağa dəfn olunmalıdır. Amma bu gün çoxlu yeniliklər ortaya çıxıb və islam alimləri bu yenilikləri qəbul edərək öləndən sonra insan orqanının nəqlinin şəri cəhətdən heç bir problem və günah olmadığını bildiriblər”.
 
Mehin Mehmanqızı
Seçilən
8
1
moderator.az

2Mənbələr