Üçüncü gün müharibədə qalib gələ bilməyəcəyimizi başa düşdüm.
Musavat.com-un məlumatına görə, bunu Ermənistan Respublikasının ikinci prezidenti Robert Köçəryan TV5 telekanalına müsahibəsində deyib.
“İkinci gün Qarabağda idim və gördüklərim məni cəmi bir-iki gün ərzində inandırdı ki, biz bu müharibəni uduzacağıq. Mən iki həftə Qarabağda oldum və hər gün Arkadi Qukasyan və Bako Saakyan vasitəsilə Arayik Arutyunyanı inandırmağa çalışırdım ki, müharibəni dayandırmaq üçün mümkün olan hər şeyi etsin. Məğlub olduğumuz aydın idi.
Mən hətta keçmiş prezidentlər və o vaxtkı prezidentlə görüşməyi təklif etdim, baxmayaraq ki, Arayik Arutyunyana münasibətim hamıya bəllidir. O, prezident kimi orada olmamalı idi, amma mən hər halda getdim, təklif verdim və görülməli olanlarla bağlı konkret fəaliyyət planım var idi”, Köçəryan deyib.
İddia edib ki, onun müdafiənin təşkili ilə bağlı çox konkret təklifləri var imiş: “O, (Arutyunyan-M.) bundan imtina etdi, görüşmək istəmədi və Bako Saakyan vasitəsilə bunları çatdırdı: “Köçəryanla görüşsəm, Ermənistanın baş naziri məni yeyəcək”. Bu, onun dəqiq sözləridir. O vaxtlar müharibə zamanı Azərbaycandan daha az qorxurdular, nəinki indiki halda mənimlə görüşüb bu məsələni müzakirə etməkdən”, -Köçəryan iddialarını bu şəkildə davam etdirib.
Deyib ki, guya müharibəni tez dayandırmaq üçün mümkün olan hər şeyi edib.
Musavat.com