BBC-nin baş direktoru Tim Deyvi və “BBC News” xəbər bölməsinin rəhbəri Debora Terness, Donald Trampın redaktə edilmiş çıxışı ilə bağlı qalmaqal səbəbindən istefa veriblər. Bu barədə şirkətin özü dünən məlumat yayıb.
Daha əvvəl "The Telegraph" qəzeti xəbər verib ki, BBC-nin daxili xidməti qeydinə əsasən, "Panorama" proqramı Trampın çıxışının iki hissəsini elə montaj edib ki, guya o, 2021-ci ilin yanvarında Kapitoliyadakı iğtişaşları açıq şəkildə təşviq edirmiş təəssüratı yaranıb.
Bu fonda Britaniyanın müxalif Konservativ Partiyasının lideri Kemi Badenok BBC-də istefalar tələb edib.
Britaniya yayım korporasiyası Tim Deyvinin istefasından sonra etdiyi açıqlamanı yayıb:
"Bütün dövlət təşkilatları kimi, BBC də mükəmməl deyil və biz həmişə açıq, şəffaf və hesabatlı olmalıyıq. Bu, yeganə səbəb olmasa da, BBC News ətrafındakı cari müzakirələr, başa düşülən səbəblərdən, mənim qərarıma təsir etdi. Ümumilikdə BBC yaxşı işləyir, lakin bəzi səhvlər buraxılıb və baş direktor kimi mən son məsuliyyəti öz üzərimə götürməliyəm."
Debora Terness ayrıca açıqlamasında baş verənlərə görə məsuliyyətin özündə olduğunu bildirib.
Tim Deyvi 2005-ci ilin aprel ayından BBC-də çalışıb. O, 2020-ci ilin sentyabrında yayım korporasiyasının rəhbəri olub.
Almaz Həsənli