AZ

"Azərbaycan və Çin rəqəmsal iqtisadiyyat, "yaşıl enerji" və Sİ sahələrində əməkdaşlığı fəal irəlilədir" - Şahin Mustafayev

Hazırda 370-dən çox Çin şirkəti Azərbaycanda fəaliyyət göstərir, Çinin Azərbaycana yatırdığı investisiyaların ümumi həcmi 950 milyon ABŞ dollarını ötüb. SİA xəbər verir ki, bunu VIII Çin Beynəlxalq İdxal Sərgisi (CIIE) çərçivəsində "People's Daily Online" qəzetinə müsahibəsində Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev deyib.

"Tərəflər "yaşıl enerji", ağıllı enerji şəbəkələri, elektrik avtobusları, sənaye parkları kimi sahələrdə mühüm nəticələr əldə edib. Azərbaycan-Çin əməkdaşlıq sahələri davamlı genişlənir və ticarət, nəqliyyat, enerji, kənd təsərrüfatı kimi ənənəvi istiqamətlərlə yanaşı, tərəflər rəqəmsal iqtisadiyyat, "yaşıl enerji" və süni intellekt (Sİ) kimi qabaqcıl sahələrdə əməkdaşlığı fəal şəkildə irəlilədir. Hazırda rəqəmsal iqtisadiyyat sahəsində investisiya, ağıllı logistika, "əşyaların interneti", sənaye rəqəmsallaşması, texnoloji innovasiya və kadr mübadiləsi üzrə bir sıra Anlaşma Memorandumları imzalanıb", - Ş. Mustafayev bildirib.

O vurğulayıb ki, Azərbaycan rəqəmsal transformasiyanı dövlət idarəçiliyi, biznesin inkişafı və ictimai xidmətlərin modernləşdirilməsinin mühüm istiqaməti kimi müəyyənləşdirib: "Çinin rəqəmsal iqtisadiyyat, "ağıllı şəhər" quruculuğu və yaşıl-aşağı karbonlu inkişaf sahəsində qabaqcıl təcrübəsini öyrənmək və iki ölkə arasında strateji əməkdaşlığı daha da dərinləşdirmək niyyətindəyik".

Onun sözlərinə görə, Azərbaycan-Çin münasibətləri tarixin ən yaxşı dövrünü yaşayır, biz Çinlə iqtisadi əməkdaşlığı yüksək qiymətləndiririk: "Çin Azərbaycanın dördüncü böyük ticarət tərəfdaşı, ən böyük idxal mənbəyi ölkəsidir. Bu ilin yanvar-sentyabr aylarında iki ölkə arasında ticarət dövriyyəsi 3,4 milyard ABŞ dollarına çatıb və ötən illə müqayisədə 28 % artıb, bu isə tərəflərin iqtisadi-ticarət əməkdaşlığının davamlı dərinləşdiyini və böyük potensiala malik olduğunu tam təsdiqləyir.

CIIE ölkələrin birgə inkişafı və iqtisadi sabitliyinə mühüm töhfə verir. CIIE sərgisi qlobal iqtisadi bərpaya təkan verməklə yanaşı, açıq, inklüziv və fayda gətirən beynəlxalq ticarət sisteminin qurulmasına güclü dəstək göstərir. CIIE artıq açıq əməkdaşlığa sadiqliyin, qarşılıqlı fayda və qalib-qalib prinsipinin təşviqinin mühüm platforması və aydın simvoluna çevrilib".

Baş nazirin müavini qeyd edib ki, bu ilki CIIE-də Azərbaycan Milli Pavilyon və kommersiya stendi ilə iştirak edib: "Milli Pavilyonda Azərbaycanın turizm, innovasiya, yaşıl enerji, sənaye, kənd təsərrüfatı və mədəniyyət sahələrindəki ən son nailiyyətləri təqdim olunub. "Made in Azerbaijan" ekspozisiyasında spirtli və spirtsiz içkilər, qənnadı məhsulları, fındıq, nar şirəsi, konservləşdirilmiş qida və digər yüksək keyfiyyətli milli məhsullar nümayiş etdirilib və çox sayda ziyarətçinin diqqətini cəlb edib.

CIIE-də iştirak Azərbaycan şirkətlərinin Çin bazarında satış kanallarını genişləndirməsi və məhsulların beynəlxalq tanınmasını artırması baxımından böyük əhəmiyyət daşıyır. Bu platforma vasitəsilə bizim şirkətlər Çin istehlakçılarının seçimini və bazar tendensiyalarını dərindən öyrənə bilir, bu da Çin bazarına daha dəqiq uyğunlaşmağa şərait yaradır; eyni zamanda Çin qanunvericiliyi, gömrük siyasəti və logistika sistemi ilə tanış olmaq üçün imkan yaradır və gələcək praktiki əməkdaşlıq üçün möhkəm əsas qoyur"

CIIE çərçivəsində Ş.Mustafayev VIII Honqçiao Beynəlxalq İqtisadi Forumunda "Dünya Açıqlıq Hesabatı 2025"in təqdimatında və beynəlxalq seminarında da iştirak edib. Onun fikrincə, Çin yüksək səviyyəli xarici açıqlıq siyasətini irəli sürməklə daha inklüziv və balanslı qlobal iqtisadi sistemin formalaşmasına mühüm töhfə verir.

"Çin açıq və inklüziv siyasətə, qarşılıqlı faydaya sadiq qalaraq beynəlxalq ticarətin artımını təşviq edir, qlobal dəyər zəncirinin möhkəmlənməsinə yardım göstərir. "Bir Kəmər, Bir Yol" təşəbbüsü Avrasiyada bağlantıları daha da gücləndirib və Azərbaycanın regional logistika və nəqliyyat qovşağı rolunu oynamaq üçün əlverişli şərait yaradıb",- o qeyd edib.

Seçilən
28
5
sia.az

6Mənbələr