Xəbər verdiyimiz kimi, Şəmkir rayonunda dönərdən kütləvi zəhərlənmə hadisəsi baş verib.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov hadisə ilə bağlı fikirlərini News365.az-a bildirib:
“Nə qədər ki, effektli istehlakçı siyasəti formalaşmayıb, bu cür zəhərlənmələr davam edəcək. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında qanun 1995-ci ildə qəbul olunub. Ondan sonra edilən bütün dəyişikliklər istehlakçıların zərərinə olub. Ümumilikdə dövlət biznes qurumlarına toxunulmazlıq şəraiti yaradıb, biznes qurumları isə bundan sui-istifadə edirlər. Bu hal hələ də davam edir.
Dönərdən zəhərlənmə yalnız ətlərdən deyil, mayonezlərdən və gecədən sabaha saxlanılan ərzaqlardan da baş verə bilər. Qida Təhlükəsizlik Agentliyi elə bir iş aparmalıdır ki, istehlakçı dönər seçimində səhvə yol verməsin. Heç kim sübut edə bilməz ki, bişmiş dönər divardan asılan kağıza uyğundur ya yox. Yəni qanuni dönər istehsal edən müəssisələrdən kağız alınır, divara asılır və bundan sonra istənilən şəkildə istifadə olunur.
Nə qədər ki, bu işlər həll olunmayıb və Qida Təhlükəsizlik Agentliyində effektli nəzarət, sürətli yoxlama mexanizmi yoxdur, təəssüf ki, bu cür hallar davam edəcək.”
News365.az