AZ

 Azərbaycan Ordusu: tarixin sınaqlarından Zəfərin zirvəsinə  

Müstəqil dövlətin əsas atributlarından biri də ordudur. Ordu vətənə sevgidən, dövlətə inamdan yaranır. Dövlətin bütövlüyü və millətin təhlükəsizliyi hər bir müstəqil ölkənin ən müqəddəs dəyəridir. Bu dəyərləri qoruyub yaşatmaq  güclü, peşəkar və müasir orduya sahib olmaqdan keçir. Azərbaycan Ordusunun formalaşması və inkişafı təkcə bir hərbi qüvvənin yaradılması deyil, həm də dövlətçilik iradəsinin, milli özünüdərkin və tarixi yaddaşın möhtəşəm ifadəsidir. Hər bir dövlətin ordusu həm də onun xalqının iradəsinin güzgüsü, gücünün,  qüdrətinin simvoludur.  

Bu gün ölkəmizin ordu quruculuğunda qət etdiyi yol strateji baxışın, ardıcıl siyasətin və dövlətimizn iqtisadi inkişafının inikasıdır. Dövlətimizin hərbi sahəyə verdiyi prioritet, milli ruhun orduda təcəssümü və modernləşmə xətti Azərbaycan Silahlı Qüvvələrini regionun ən güclü hərbi gücünə çevirib. Ordu quruculuğunun hər mərhələsi həm peşəkarlığın artması, həm texnoloji modernləşmə, həm də döyüş ruhunun yüksəlişi ilə müşayiət olunaraq, müasir Azərbaycan dövlətinin qürurla təqdim etdiyi strateji nailiyyətlərdir.

Azərbaycanda ordu quruculuğunu şərti olaraq üç mərhələyə bölmək olar. Birinci mərhələ — müstəqilliyin ilk illəridir. Əslində, o illəri  tam mənası ilə ordu quruculuğu dövrü adlandırmaqla böyük qəbahət etmiş olarıq. Fikrimizi daha düzgün  ifadə etsək, o dövr  ordu quruculuğu adı ilə imitasiyaların, xaotik idarəetmənin hökm sürdüyü bir mərhələ idi. Müstəqilliyini yenicə elan etmiş Azərbaycanın hərbi təhlükəsizlik sistemini yaratmaq  əvəzinə, bu işlə məşqul olan “məsul şəxslər” hərbi strukturları siyasi iddiaların və şəxsi ambisiyaların meydanına çevirmişdilər. O illərdə orduda peşəkarlıqdan uzaq, hərbi sahəyə heç bir aidiyyəti olmayan şəxslər vəzifələrə gətirilir, siyasi ritorikadan başqa funksiyası olmayan “Müdafiə Şurası” kimi qondarma qurumlar yaradılırdı. Beləliklə, dövlətin ən zəruri dayağı siyasiləşdirilir, döyüş hazırlığı və müdafiə planlaması arxa plana keçirilirdi. Azərbaycanın müstəqilliyini istəməyən xarici qüvvələr də bu xaosdan məharətlə istifadə edib, gənc dövlətin yaranmaqda olan  müdafiə sisteminə istədikləri vaxtı işə sala biləcəkləri  “partlayıcı mexanizim” qoyurdular.

Dövlət idarəçiliyi təcrübəsi olmayan, populist şüarlarla hakimiyyəti ələ keçirən AXC-Müsavat qaragüruhu da nizami ordu qurmaq əvəzinə, başıpozuq silahlı dəstələr, yerli icra hakimiyyətinə tabe “birliklər” yaratmaqla siyasi intriqalara başçılıq edirdi. Elə bir vəziyyət yaranmışdı ki, demək olar, hər rayon rəhbərinin öz silahlı qruplaşması mövcud idi. Vətəni qorumaq üçün yaradılmalı olan ordu, faktiki olaraq, hakimiyyət uğrunda çəkişmələrin güc alətinə çevrilmişdi. 

Xalq arasında deyildiyi kimi, “su çanağı suda sınar”. Hakimiyyətə tankların üstündə  gələnlər, elə yarıtmaz siyasətlərinin nəticəsi olaraq hakimiyyətdən getdilər. 

Həmin ağır, taleyüklü məqamda xalqın təkidli istəyi ilə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanda ordu quruculuğunda tamamilə yeni bir dövrün başlanğıcı oldu.

Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan yalnız siyasi və iqtisadi fəlakətin astanasından qurtulmadı, həm də məhz dövlətçilik üçün həyati əhəmiyyət daşıyan nizami, peşəkar və milli ordu quruculuğunda dönüş mərhələsi oldu. Heydər Əliyevin  rəhbərliyi altında Azərbaycan Ordusu tamamilə yenidən formalaşdırıldı, nizamsız silahlı dəstələr ləğv edildi, orduda vahid komandanlıq sistemi yaradıldı. Hərbi sahənin idarə olunması peşəkarların öhdəsinə verildi, şəxsi heyətin hazırlığı, nizam-intizam, təlim-tədris prosesi dövlət siyasətinin əsas prioritetlərindən birinə çevrildi. Heydər Əliyev ordunun sadəcə bir güc strukturu deyil, həm də dövlətçiliyin əsas sütunu olduğunu xüsusi olaraq vurğulayırdı. Məhz bu prinsipial yanaşma nəticəsində bu gün qürur  duyduğumuz Azərbaycan Ordusunun əsası qoyuldu. Yeni hərbi məktəblər və təlim bazaları yaradıldı.

1994-cü ildə imzalanan atəşkəs razılaşması isə ordumuzun daha da gücləndirilməsi üçün əlverişli şərait formalaşdırdı. Bu illərdə Azərbaycan Ordusu nəinki gücləndirildi, həm də gələcək böyük qələbələrin təməli qoyuldu. Vətənə sədaqət, dövlətə bağlılıq, döyüş hazırlığı və peşəkarlıq — bu dövrdə ordunun əsas ideoloji dayağına çevrildi. Heydər Əliyevin həyata keçirdiyi strategiya sonrakı dövrdə özünü doğrultdu və Azərbaycan Ordusunun regionun ən güclü hərbi qüvvələrindən biri olmasının əsasını təşkil etdi.

Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan Ordusu keyfiyyətcə yeni inkişaf mərhələsinə yüksəldi. Onu da qeyd edək ki, bu dövr artıq sadəcə ordu quruculuğu mərhələsi deyil. Bu dövr həm də ordunun modernləşməsi, hərbi sənayenin inkişafı, texnoloji yeniliklərin tətbiqi və nəticə olaraq- qalib ordunun formalaşması mərhələsi kimi səciyyələndirilir. Prezident İlham Əliyevin “Güclü ordu – güclü dövlət deməkdir” strateji xətti Silahlı Qüvvələrin bütün sahələrində sistemli, ardıcıl və məqsədyönlü islahatlara yol açdı. Müasir silahlar, yüksək dəqiqlikli pilotsuz uçuş aparatları, raket sistemləri, zirehli texnika, artilleriya vasitələri ordunun imkanlarını tamamilə yeni səviyyəyə yüksəltdi. Azərbaycanın müdafiə sənayesi inkişaf etdirildi, çoxsaylı hərbi zavodlar istifadəyə verildi və ölkə artıq müxtəlif növ texnikanı özündə istehsal edən dövlətə çevrildi. Silahlı Qüvvələrdə komanda idarəçiliyi, kadr məsələləri, döyüş təlimləri, xüsusi təyinatlıların hazırlığı inkişaf etdirildi.

Bu mərhələnin zirvəsi isə 2020-ci ildə Azərbaycanın qazandığı tarixi Zəfər oldu. 44 günlük Vətən müharibəsi təkcə ordunun gücünü yox, həm də Heydər Əliyev məktəbinin, İlham Əliyev liderliyinin və illərlə aparılan sistemli siyasətin nəticələrini ortaya qoydu. Azərbaycan Ordusu həm döyüş qabiliyyəti, həm taktiki ustalığı, həm də əzm və ruh yüksəkliyi ilə müasir hərb tarixində misilsiz bir nümunə göstərdi. 2023-cü ilin antiterror tədbirləri nəticəsində isə ölkə ərazisində tam suverenlik bərpa edildi. Bu, artıq qalib ordunun qalib dövləti tamamladığı bir mərhələ idi.

Bu gün Azərbaycan Ordusu regionun ən güclü, ən hazırlıqlı və ən müasir ordularından biri kimi qəbul edilir. Bu nailiyyətlər  dövlətçilik tariximizin ən möhtəşəm strategiyasının -Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi, Prezident İlham Əliyevin mükəmməl şəkildə tamamladığı ordu quruculuğu yolunun məntiqi nəticəsidir. Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubley tədbirində iştirak edən dövlətimizin başçısı İlham Əliyev silahlı qüvvələrimizn bu günkü vəziyyətini belə qiymətləndirib: “Bizim şanlı Vətən müharibəmiz. Bildiyiniz kimi, onun hər bir mərhələsi, hər bir günü öyrənilir, öyrənilib və bir çox beynəlxalq hərbi ali məktəblərində də tədqiq edilir. O cümlədən pilotsuz uçuş aparatlarının tətbiqi. Müharibədə məhz birinci biz bunu tətbiq etmişik. Bu gün müasir müharibələri bunsuz təsəvvür etmək mümkün deyil. Yəni, bunun təməlini biz qoymuşuq və bu gün bu istiqamətdə Azərbaycanda çox böyük işlər görülür. Biz bu məhsulları həm xarici bazarlardan tədarük edirik, eyni zamanda, özümüz də bir çox növdən ibarət pilotsuz uçuş aparatlarını istehsal etməyə başlamışıq və bunu davam etdirəcəyik”.

Vətən Müharibəsində Qələbənin 5 illiyi münasibətilə paytaxtın Azadlıq Meydanında keçirilmiş hərbi parad konkret olaraq ordumuzun gücünün və qüdrətinin nümayişi oldu. Bu parad yalnız bayram tədbiri deyildi — bu parad dövlətimizin sarsılmaz iradəsini, ordumuzun hazırlıqlı və sistemli olduğunu, həmçinin regionda Azərbaycanın strateji rolunu simvolizə etdi.

Azərbaycan Ordusunun yüksələn inkişaf yoly tariximizin sınaq və zəfərlərlə əlamətdar səhifələridir.

 Ulu Öndər Heydər Əliyevin yaratdığı etibarlı təməl üzərində formalaşan, Prezident İlham Əliyevin qətiyyətli liderliyi və iradəsi ilə daha da güclənərək xalqımıza Zəfər yaşadan Azərbaycan Ordusunun inkişaf yolu hamımızın müşahidə etdiyi  tarixi gerçəkiliklərdir. Qələbənin 5 illiyinə həsr olunmuş parad  bu inkişafın, bu gücün möhtəşəm nümayişi oldu. Ordumuz dövlətimizin etibarlı sütunu, xalqımızın qürurudur.  Ordumuzun gücü qüdrətli Azərbaycan deməkdir.

Elşən QƏNİYEV,

“Azərbaycan”

Seçilən
11
azerbaijan-news.az

1Mənbələr