AZ

"Qarabağla bağlı “gizli sənəd” iddialarına görə məsuliyyət tələb edirlər" -ŞƏRH EDİLDİ

"Ermənistanda parlament seçkiləri yaxınlaşdıqca daxili siyasi kampaniyalar fəallaşır və gərginlik daha da artır". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Elmir Səftərov deyib.

Onun sözlərinə görə, Baş nazir Nikol Pashinyanın rəhbərlik etdiyi partiyanın əsas hədəfi yenidən parlamentdə əksəriyyəti ələ keçirmək və hökumətini davam etdirməkdir: "Reputasiyasını itirməsinə baxmayaraq, əsas müxalifət bloku kimi çıxış edən Robert Koçaryan və müttəfiqləri hökumətin hazırkı siyasətlərini xüsusilə, Qarabağın itirilməsi, təhlükəsizlik, danışıqlar prosesi və şəffaflıq baxımından tənqid edir. Onlar, həmçinin Qarabağla bağlı “gizli sənəd” iddialarına görə məsuliyyət tələb edirlər.

Beləliklə, Ermənistan siyasətində parlament seçkiləri ərəfəsində həm hökumət, həm də müxalifət arasında strateji mövqelərini gücləndirmə və ictimaiyyətin dəstəyini toplama mübarizəsi davam edir.

Son günlər artan gərginlik isə iqtidar ilə müxalifət arasında qarşılıqlı iddihamlarla müşahidə olunur.

Belə ki, Serj Sarkisyan və Robert Koçaryan yayımlanan müsahibələrində 2019-cu ildə ATƏT Minsk qrupu həmsədrlərinin Nikol Paşinyana Qarabağla bağlı yeni bir gizli sənəd təqdim etdiyini bildiriblər. Serj Sarkisyan qeyd edib ki, bu sənəd bir il boyunca ictimaiyyətə açıqlanmamışdı və o, sənədin mövcudluğunu Qarabağ rəhbərliyinə çatdırmış, onları sənədlə tanış olmağa çağırmışdı.
O, həmçinin Paşinyanı bu sənədləri gizlətməkdə ittiham edir, çünki onun fikrincə, sənəd danışıqlarda istifadə oluna bilərdi.

Buna reaksiya verən Nikol Paşinyan isə öz "Facebook" səhifəsində qeyd edib ki, Robert Koçaryan və Serj Sarkisyan Qarabağ məsələsini Ermənistanın ziyanına istifadə edib və ölkənin gələcəyi üçün problem yaradıb.
Ermənistanın Baş nazir hesab edib ki, onların məqsədi Ermənistanın dövlətçiliyinə son qoymaq idi və Qarabağ münaqişəsinin nəticəsi olaraq Ermənistanın dövlətçiliyi itirilməli idi.

N.Paşinyan seçkiqabağı xalqa mesaj verir ki, Ermənistan məğlub olsa da, ölkənin gələcəyini qoruyub və Köçəryanın və Sarkisyanın ssenarilərini alt-üst edib. O, sabiq prezidentləri KQB agentləri kimi təsvir edir və iddia edir ki, onlar başqa ölkələrin maraqları naminə işləyərək Ermənistanın gələcəyini təhlükəyə atıblar. Paşinyan əlavə edir ki, son 30 ildə onlar ölkə naminə heç bir nəticə əldə etməyib.

Baş nazir, həmçinin bildirir ki, Qarabağdan gələn ermənilərin gələcəyi Ermənistandadır və onlar üçün bütün imkanlar təmin ediləcək. Paşinyan faktiki olaraq etiraf edir ki, Qarabağ hər zaman Azərbaycanın suveren ərazisi olub, keçmiş Ermənistan rəhbərləri xarici dəstək alaraq Azərbaycan ərazisini işğal edib və Ermənistanı beynəlxalq hüquqda işğalçı dövlət kimi göstəriblər.

Baş verən proseslər göstərir ki, seçki yaxınlaşdıqca Ermənistanda müxalifət və iqtidar arasında siyasi gərginlik artacaq. Hər iki tərəf özünü dövlət və xalq üçün daha çox can yandıran, onları düşünən qüvvə kimi göstərməyə çalışacaq.

Müəllif: Ziya Hikmətoğlu
Seçilən
50
1
sia.az

2Mənbələr