AZ

Sevindiyimdən ağlamışdım Deputatlar Zəfər xəbərini harda eşitmişdilər?

ain.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Beş il əvvəl Azərbaycan tarixinin ən qürurlu səhifələrindən biri yazıldı. Şuşanın azad edildiyi, müharibənin demək olar ki, Zəfərlə başa çatdığı xəbərini 8 noyabr 2020-ci il tarixində aldıq. Şuşanın azadlığa qovuşması bütün Azərbaycana hədsiz sevinc bəxş etmişdi. Şübhəsiz ki, o hadisə deputatların da yaddaşına silinməz iz buraxdı.Milli Məclisin üzvləri həmin günü necə xatırladıqlarını, Zəfər xəbərini harada eşitdiklərini və ilk reaksiyalarını Modern.az-la bölüşüblər.Aqil Abbas: "Müharibə vaxtı, Zəfər ərəfəsində mən Tərtər, Ağdam bölgəsində idim. Gənc əsgərlərlə görüşür, hospitallarda yaralılarla bir araya gəlirdim. Şəhid ailələri və qazilərə pay aparmışdım, onları paylayıb Bakıya gəldim. Evə çatıb televizorun qarşısına keçdim. Prezident bu xəbəri elan edəndə - Şuşanın azad olunduğunu biləndə sevindiyimdəm hoppanıb-düşdüm, qışqırdım. 

Amma yaddaşımda bir şey də qalıb. 5-6 noyabr tarixlərində hospitaldaydım. Üç yaralı əsgər vardı - biri Gəncədən, biri Yardımlıdan, biri də Ağdamdan idi. Onlardan biri mənə dedi: "Biz Daşaltıda yaralanmışıq, bizimkilər Şuşadadırlar". Əvvəlcə inanmadım. Amma sonra rəsmi xəbər yayıldı, Ali Baş Komandan elan etdi ki, Şuşa azaddır. Hamı sevinirdi, yəqin ki, mən bir az da çox sevindim. Mənim bütün həyatım Qarabağla bağlı olub, yerim-yurdum, əzizlərim qəbri oradadır. Yəni ki, hamıdan çox mən hoppanıb-düşmüşəm. Mən Ali Baş Komandan başda olmaqla, hamınızı təbrik edirəm. Şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı arzu edirəm". Elnarə Akimova: "Zəfər xəbəri mənim üçün Şuşa ilə birlikdə gəldi. Ona qədər də yaşadığımız sevincin miqyası ölçüyəgəlməz idi. Amma Şuşa ilə bütövləndi. Ordan geriyə yol yox idi artıq. Zəfər xəbərini alanda evdə idim. Kapitulyasiya aktının imzalandığını eşidəndə kövrəldim. "Şükür, bitdi", - dedim. Şəhid xəbərləri, qan-qada, ölüm ağrıları və s. Xəbəri öncə böyük oğlumla bölüşdüm. Yatmışdı, oyatdım ki, müharibə bitdi. Başqa kiməsə deməyə ehtiyac qalmadı. Xəbər ilğım kimi bir anda hamıya çatmışdı. İndi bunları deyərkən yenidən o illərə qayıdıram. Zəfər sevincini necə iliklərimizə qədər hiss etdiyimi xatırlayıram. Bundan böyük bayramımız yoxdur. Allah xalqımızı və dövlətimizi qorusun! Prezidentimiz İlham Əliyevi hər zaman uca və qüdrətli eləsin! Şəhidlərimizin məkanı cənnət, qazilərimizin canı sağ olsun! Bu qələbəni onlara borcluyuq!"Razi Nurullayev: "Demək olar ki, gecəni yatmırdım və yeni zəfər xəbərləri gözləyirdim. Divanda yuxu tutmuşdu. Yoldaşım oyadıb dedi ki, müharibə bitdi. Həmin gecə yatmadım, dostlarla telefonla danışdım, müzakirə etdik, sevincimizi bölüşdük. Həmin gün səhərə qədər gözümü belə yummadım.Məlahət İbrahimqızı: "Zəfər qazanacağımızı öncədən bilirdik, çünki müzəffər Ali Baş Komandanımız hər gün xalqa qələbə müjdələri verirdi. Buna baxmayaraq, Vətən müharibəsinin Zəfərlə bitdiyi xəbərini alanda sevincimin həddi-hüdudu yox idi. Hətta sevinicimdən ağladım da. İlk təbrik etdiyim 89 yaşlı anam oldu. Çünki anam daim deyirdi ki, "bala, heç bir şəhiddən artıq deyiləm, Allahın da dəvətinə hazıram. Amma dua edirəm ki, torpaqlarımızın işğaldan azad olduğunu görüm". Anam inanclı idi, Prezidentimizə çox inanırdı və ona nənəsinin sözləri ilə belə dua edərdi: “Allah sözünü kəsərli və ötkəm etsin”. Anam Zəfər xəbərindən sonra bir il yaşadı. Bu möhtəşəm xəbərdən sonra ləngimədən əvvəlcə Fəxri xiyabanda Ulu öndərin məzarını, sonra Şəhidlər xiyabanını və 44 günlük Vətən müharibəsi şəhidlərini ziyarət etdim. Rastlaşdığım kim olursa olsun, hətta tanımadığım insanları da təbrik edir, gözaydınlığı verirdim".Elçin Mirzəbəyli: "Zəfər günü evdə, ekran qarşısında Ali Baş Komandanın xalqa müraciətini gözləyirdik. Təbii ki, mən də milyonlarla insan kimi böyük Qələbənin müjdəsini məhz Ali Baş Komandandan eşitdim. 

Şübhəsiz ki, həmin anı tam olaraq təsvir etmək, o hisslərin bütün cizgilərini cızmaq mümkünsüzdür. Həyatımda nə vaxtsa bu qədər sevindiyimi xatırlamıram. Gözümün önündən bütün həyatım kino lenti kimi keçdi. Çünki biz siyasi proseslərə bir çoxları kimi, məhz Qarabağda başlanan separatçı hərəkatdan sonra qədəm qoymuşduq. Mənim siyasi fəaliyyətlə məşğul olmağımın da əsas motivi, əsas qayəsi Azərbaycanın ərazi bütövlüyü idi.

Təsəvvür edin, həyatının bütün mənası olan bir amal gerçəkləşəndə insan necə reaksiya verirsə, mən də elə reaksiya verdim. Nə qədər xoşbəxt olduğumu indi belə sözlə ifadə etməkdə çətinlik çəkirəm.

Bundan öncə Türkiyə mətbuatında Prezidentə istinadən bir məlumat yayılmışdı: Azərbaycan Prezidentindən soruşulmuşdu ki, "Şuşaya nə qədər yaxınsınız?”, o da "Bir nəfəs qədər" cavabını vermişdi. Bu məlumat təxminən noyabrın 6-sı yayılmışdı. Səhər saatlarında o xəbəri eşitdiyimi xatırlayıram və həmin gün “Azərbaycan əsgəri” adlı bir şeir yazdım:

Sən böyük qələbəyə bir nəfəs qədər yaxın,  

Uçuq minarələrdən qopan səs qədər yaxın.

Bəli, mən də Zəfəri Qarabağdakı bütün minarələr Azan səsinə həsrət qalmış kimi gözləyirdim. Və o səs də gəldi".

Arzuxan Əlizadə: "Qələbə xəbərini indiyə qədər çox yaxşı xatırlayıram. Mən həmin gün evdə, ailə üzvlərimizlə birlikdə idim. Artıq müəyyən xəbərlər yerlərdən qulağımıza gəlib çatırdı, amma rəsmi xəbəri gözləyirdik və həmin rəsmi xəbər Prezident İlham Əliyev tərəfindən elan olundu.

Televiziyada “mühüm xəbər veriləcək” anonsu yayımlandıqdan sonra hamımız ayaq üstə idik. Həminm xəbəri ayaq üstə eşitdik, sevinc göz yaşları ilə qarşıladıq. O anda keçirdiyim hiss bu gün də mənimlədir. Ailə üzvlərimizlə bir yerdə sevincimizi paylaşdıq, yaxınlarımıza xəbər verdik. 

Bütün bu qələbəyə görə şəhidlərimizə borcluyuq: onların qanı ilə bu Zəfər tarixi yazıldı. Qazilərimizə, onların ailələrinə borcluyuq. Əsgərlərimizə, ordumuza və ən başda da Ali Baş Komandan, Prezident İlham Əliyevə minnətdarıq ki, bizə bu Qələbəni yaşatdı.

Bu gün Azərbaycan regionda yeni reallıqlar yaratmış, əsas söz və güc sahibinə çevrilmiş dövlətdir. Biz də bu dövlətin vətəndaşı olmaqdan qürur duyuruq. Fürsətdən istifadə edərək, hər kəsi bu bayram münasibətilə bir daha təbrik edirəm".

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
32
1
modern.az

10Mənbələr