AZ

Nazir yekun sülh müqaviləsinin imzalanma vaxtınıAÇIQLADI

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 2026-cı ildə Ermənistanla sülh müqaviləsinin imzalanması ehtimalının böyük olduğunu vurğulayıb.

Redaktor.az xəbər verir ki, nazir bu barədə İTV-yə müsahibəsində deyib.

"Əlbəttə ki, heç kim 100% zəmanət verə bilməz, amma mən bu ehtimala nikbin yanaşıram", - deyə Ceyhun Bayramov bildirib.

"Azərbaycanla sülh prosesinin başa çatması Ermənistanın özünün maraqlarına uyğundur, ona görə də inanıram ki, belə bir ehtimal çox yüksəkdir", - nazir əlavə edib.

C.Bayramovun sözlərinə görə, bunun asan olacağını düşünmür. Onun fikrincə, əvvəlki kimi, üçüncü ölkələr tərəfindən bu prosesi pozmaq cəhdləri olacaq.

Nazir hesab edir ki, iki ölkə arasındakı münasibətlərin tarixi nəzərə alınmaqla, sülh müqaviləsinin imzalanmasının qısa müddət sonra Azərbaycan və Ermənistan arasında sıx dostluq və tamhüquqlu mehriban qonşuluq münasibətlərinə gətirib çıxarması ehtimalı azdır.

"Və bu, anlayışla qəbul edilməlidir", - deyə o vurğulayıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin rəhbəri əlavə edib ki, son iki ildir ki, Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması prosesi davam edir.

"Belə qısa müddət ərzində inanıram ki, qalib ölkə ilə məğlub ölkə arasında normallaşdırma prosesi çox sürətlə gedir", - deyə o qeyd edib.

C.Bayramov həmçinin “Tramp marşrutu” (TRIPP) layihəsinin həyata keçirilməsinin Azərbaycan və Ermənistan arasında ortaq iqtisadi maraqların yaranmasına səbəb olacağı fikrini ifadə edib.

Qeyd edək ki, 8 avqust 2025-ci il tarixində Vaşinqtonda Azərbaycan və Ermənistan arasında normallaşma prosesi ilə əlaqədar bir sıra razılıq əldə olunub, sülh sazişi layihəsi paraflanıb. Bu razılıqlara uyğun olaraq 1 sentyabr 2025-ci il tarixindən etibarən ATƏT-in Minsk qrupunun ləğvinə dair qərar qəbul edilib.

Rəsmi Bakının tələbinə görə, yekun sülh süzişinin imzalanması üçün Ermənistan öz konstitusiyasına dəyişiklik etməli, onun preambula hissəsində Azərbaycana qarşı olan ərazi iddiası çıxarılmalıdır.

Seçilən
28
9
redaktor.az

10Mənbələr