"Euronews" telekanalı Bakı Beynəlxalq İncəsənət Festivalı (BIAF) haqqında material hazırlayıb.
“İki sahil” xəbər verir ki, "Bakı Beynəlxalq İncəsənət Festivalı keçirildiyi ikinci həftədən etibarən mədəni əməkdaşlığı genişləndirməyə can atır" başlıqlı məqalədə tədbir iştirakçıları, onların təəssüratları, həmçinin dünya incəsənət səhnəsinin nümayəndələri üçün bu festivalda iştirakın əhəmiyyəti haqqında danışılır.
Telekanal qeyd edir ki, "Oskar" mükafatı laureatı, daha çox "Oturan pələng, gizlənən əjdaha" filmi ilə tanınan quruluşçu rəssam Tim İp şəhərdə böyük ajiotaj yaradıb. O, İqor Stravinskinin dünyaca məşhur "Müqəddəs bahar" baleti üçün dekorasiyalar yaradıb, əsərin interpretasiyasını isə tanınmış çinli xoreoqraf Yan Lipin həyata keçirib.
"Euronews" xatırladır ki, festivalda özbək pianoçu Behzod Abduraimov, kanadalı rejissor Rober Lepaj və Bakıda anadan olmuş amerikalı skripkaçı Dmitriy Sitkovetski kimi tanınmış şəxslər də iştirak edirlər.
"Sitkovetski üçün festivalda iştirak təkcə çıxış etmək deyil, həm də atası Yulianın 32 yaşında vəfatından sonra tərk etdiyi vətəninə qayıdışdır. İndi o, atasının xatirəsini və anadan olmasının 100 illiyini Bakı Dövlət Orkestrinin iştirakı ilə qala-konsertlə qeyd edir. Şou onun üçün köklərinə son dərəcə dərin şəxsi qayıdışı oldu", - materialda deyilir.
BIAF-ın Məsləhət Komitəsinin üzvü Svetlana Dvoretskaya "Euronews"a bildirib ki, festivalın əsas məqsədi daha geniş mədəni şəbəkə yaratmaq üçün beynəlxalq mədəniyyət institutları və festivallarla əlaqələrin möhkəmləndirilməsidir. O, həmçinin Bakının Zaltsburq və Avinyon kimi dünyanın ən məşhur incəsənət festivalları ilə bir sırada durmaq potensialına inandığını ifadə edib.
Qeyd edək ki, BIAF çərçivəsində tədbirlər Bakının ən populyar məkanlarında, o cümlədən Heydər Əliyev Mərkəzi, Dövlət Filarmoniyası, Milli Dram, Musiqili Teatr və bir sıra digər yerlərdə keçirilir.
BIAF Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə təşkil olunub və 2025-ci il noyabrın 16-dək davam edəcək.