AZ

İmişlidə doğuş zamanı həyat yoldaşı və körpəsini itirən şəxs danışdı

“Həyat yoldaşımı xəstəxanaya apardım. Sonra bizi içəri buraxmadılar. Nə olubsa, içəridə olub”.

Bunu “Yeni Sabah”a açıqlamasında İmişli Rayon Mərkəzi Xəstəxanasında doğuş zamanı həyat yoldaşı və körpəsi ölən Daşqın Hətəmov deyib.

Onun sözlərinə görə, həyat yoldaşı Mirvari Hətəmova hamiləlik dövründə 7-8 dəfə müayinədən keçib: “Həkimlər deyirdilər ki, hər şey qaydasındadır. Hamiləliyi normal keçib. Bütün sənədlərdə bu öz əksini tapıb. Baş qarışıqdır deyə bizə ölüm səbəb  deyilməyib. Həkimin yanında olmamışıq deyə, təqsiri olub-olmadığını söyləyə bilmirik”.

D.Hətəmov bildirib ki, yoldaşını yüngül sancılarla xəstəxanaya aparıb: “Sancıları tutanda dərhal xəstəxanaya apardıq həkimlərə təhvil verdik və gözlədik, bizə məlumat verdilər ki, burda gözləməyin və gedə bilərsiz. Biz isə evə çatanda xəbər gəldi ki, ana xəstəxanada dünyasını dəyişib. Bu, dördüncü doğuşu idi. İlk uşaq anadan olandan sonra zəif olduğu üçün dünyasını dəyişmişdi. Daha sonra iki övladımız olub, hazırda birinin 7 digərinin isə 4 yaşı var. Bu uşaq isə artıq doğuş ərəfəsində idi və xəstəxanaya apardıq və ana və bətnindəki uşaq öldü”.

Qeyd edək ki, ‪ Cəfərli kənd sakini, 1983-cü il təvəllüdlü Hətəmova Mirvari Əbülfət qızı 9 aylıq hamiləlik sancıları ilə İmişli Doğum evinə yerləşdirilib. Doğuş prosesində halı pisləşən 42 yaşlı qadın doğuş stolunda uşaq dünyaya gətirmədən vəfat edib.

Aytac Əliyeva


Telegram kanalımız
Seçilən
28
yenisabah.az

1Mənbələr