AZ

Ehtiram Quliyevdən PİS ZARAFAT

Premyer Liqanın ilk dövrəsinin son turunun ən maraqla gözlənilən oyunlarından biri Zirədə keçirilməli idi.

Keçirildi, amma…

«Zirə» ilə «Turan Tovuz»un qarşılaşması maraqlı alınmadı.

Kurban Berdiyev «ənənə»sinə sadiq qaldı, «Turan»a yeni antifutbol oynatdı. Aydın oldu ki, o, komandasını Bakıətrafı qəsəbəyə sırf 1 xal üçün aparıb.

«Turan» son yarım saatı 1 nəfər azlıqda keçirdi. Bu, «Zirə»nin lehinə işləmədi. Qonaqlar tamamən arxaya çəkilib, qapısının toxunulmazlığının qayğısına qaldı.

Qapılara qolun vurulmadığı oyundan sonra «Turan Tovuz»un İdarə Heyətinin sədri Ehtiram Quliyev paltardəyişmə otağına enib. Parlaq oynadıqlarını iddia edib. Çempionluğa layiq olduqlarını deyib.

Ehtiram Quliyev 2023-cü ildən futboldadır. Aradan az müddət keçməyib, lakin təəssüf ki, o, bu gün də top oyununun özəlliklərindən bixəbərdir. Yaxşı ilə pisi bir-birindən ayıra bilmir.

Sədr futbolçulara xoş gəlmək üçün bu sözləri işlədibsə, başqa məsələ. Yox əgər həqiqətən Berdiyevin tətbiq etdiyi taktikadan ötür ürəyi gedirsə, vay «Turan»ın halına!

Ehtiram Quliyevə məsləhət görərdik ki, hərdən başqa komandaların da qarşılaşmalarını izləsin.

Uzağa getməsin, heç olmasa, arada «Qarabağ»ı, «Qəbələ»ni izləsin. Gözə kül üfürmək olar e, amma bu qədər yox da…

ELNUR

Seçilən
9
sportinfo.az

1Mənbələr