AZ

Süni intellektdən sonra növbə minerallara çatdı

ABŞ-da mədən şirkətləri müdafiə sənayesində istifadə olunan surmanın hasilatını artıracaq.

Musavat.com xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.

Qəzetin yazdığına görə, qərar Çinin ikiqat təyinatlı strateji məhsulların ixracına tətbiq etdiyi qadağadan sonra ölkədə bu mineralın ehtiyatlarının azalması fonunda qəbul edilib.

Məlumata görə, son iki ildə surmanın qiyməti dörd dəfə bahalaşıb. Bu, Çin tərəfindən ABŞ-a ixrac məhdudiyyətlərinin tətbiqindən sonra baş verib. Surma əsasən güllələrin və zirehdələn mərmilərin keyfiyyətini artırmaq üçün istifadə olunur.

ABŞ uzun illərdir bu mineralın genişmiqyaslı hasilatını həyata keçirmirdi. Lakin indi Alyaska və Aydaho ştatlarında yeni mədən sahələrinin hazırlanmasına başlanılıb. ABŞ Müdafiə Nazirliyi sentyabr ayında Alyaskada hasilatın sürətləndirilməsi üçün 43 milyon dollar vəsait ayırıb. Bundan əlavə, hökumət surma külçələrinin tədarükü üçün 245 milyon dollarlıq müqavilə bağlayıb. Bu müqavilə "United States Antimony" ilə imzalanıb - həmin şirkət surmanın əridilməsi zavoduna malikdir.

Qəzetin yazdığına görə, Ağ Ev bəyan edib ki, ABŞ ilə Çin arasında ticarət müharibəsindəki gərginliyin yumşalması fonunda surma tədarükü bərpa olunacaq.

9 noyabrda Çin Ticarət Nazirliyi bildirib ki, qallium, germanium, surma və yüksək möhkəmlikli materiallar da daxil olmaqla, bəzi strateji məhsulların ABŞ-a ixracına qoyulan qadağa müvəqqəti olaraq dayandırılıb.

Musavat.com

Seçilən
12
musavat.com

1Mənbələr