AZ

“Kadr” jurnalı yeniliklər və yaradıcılıq axtarışları  yollarında


Mətbu sözü vizual görüntülərlə əlaqələndirmək, onun təsir gücünü artırmaq  çoxdan bəri  müasir jurnalistikada vacib bir meyar kimi özünü göstərməkdədir. Oxucu qıtlığından şikayət edən yazarlar, naşirlər, kitab çapı ilə məşğul  olanlar artıq digər informasiya vasitələri və vəsaitlər üzərində axtarışlar edir, rəqəmsal texnologiyaların imkanlarından yararlanırlar. Bir zamanlar bədii zövqün formalaşmasına, insanın tərbiyəsinə və əxlaqi-emosional kamilləşməsinə kitabların, qəzet və jurnalların, televiziyaların göstərdiyi təsir get-gedə zəifləyir, onun əvəzinə, “Instaqram”, “Tik-tok” və s. kimi sosial şəbəkələr daha çevik və  intensiv üsullarla insanların həyatına müdaxilə etməkdədir.

Lakin burası da danılmaz həqiqətdir ki, canlı sözün  təsiri, kameranın və ya fotoaparatın gözü ilə həyatın bir anının təsviri – KADR daha sübutlu, düşünülmüş və inandırıcıdır. Məhz bu səbəbdən də intellektual oxucular çoxsaylı informasiya mənbələri arasında ənənə ilə müasirliyi birləşdirən nəşrlərə- kitablara, dərgilərə, əsaslandırılmış faktlara söykənən sənədli və bədii ekran məhsullarına daha çox üstünlük verirlər.

“Kadr”  analitik dərgisinin yaranması da məhz belə bir zərurətdən irəli gəlmişdir.  Jurnalın təsisçisi “Xaqanifilm kinostudiyası” MMC  2025-ci ilin oktyabr ayında çap olunmuş 4-cü sayında öz missiyasını bu sözlərlə əks etdirmişdir:  “Biz çəkirik ki, tarix unudulmasın!

Zaman keçər, illər unudar...

Amma yaddaqalan hekayələr var. Hər kadrda yaşanan bir həyat, hər səssizlikdə ... bir tarix var....Biz bu hekayələri lentə almaq üçün yola çıxdıq və çəkdikcə yaşatdıq”. 

Xaqanifilmin yaradıcı kollektivinin şüarı belədir: “Xaqanifilm-tarixə işıq tutan obyektiv”, “Ən böyük kino- xalqın öz hekayəsidir!”.

Dərgini vərəqlədikcə yaradıcıların öz missiyasına sadiq qalmağa çalışdıqlarına şahid oluruq. Jurnal mərhum Xalq yazıçısı Elçinin “39 ildən sonra” adlı xatirə oçerki ilə açılır. Ədib 1982-ci ilin qarlı-şaxtalı 14 yanvarında Ulu Öndər  Heydər Əliyevlə birlikdə Azərbaycanın o zamankı elm, ədəbiyyat və incəsənət xadimləri böyük şairimiz Molla Pənah Vaqifin məqbərəsinin açılışı məqsədilə Şuşa şəhərində olduqlarını, həmin günün təəəssüratları ilə birlikdə Azərbaycan tarixinin möhtəşəm qalası, Azərbaycan mədəniyyətinin və mənəviyyatının ölməz abidəsi Şuşa  şəhərinin tarixini vərəqləyir. İkili standartlarla idarə olunan dünyada otuzillik işğal nəticəsində “Şuşanın azad olunacağını görəcəyimə inamım qalmamışdı”,-deyərək Azərbaycan Prezidenti, Ali baş Komandan İlham Əliyevin son dərəcə ciddi və cəsarətli iradəsi ilə dünyanın ikiüzlü syasətinə qalib gəlməsini iftixar hissi ilə qeyd edir.

Jurnalın üz qabığında aşıq sənətimizin zirvəsində abidələşən Aşıq Ələsgərin portreti təsvir olunmuşdur. Dədə Ələsgər irsini araşdıran flologiya elmləri doktoru Nağdəli Zamanlının “Dədə Ələsgər yaradıcılığında sufi elementlər”,  Fəxrəddin Salimin “Haqqın son aşiqi” başlıqlı  məqalələrində “aşıq-ozan   sənətinin milli pasportu” (prof. Məhərrəm Qasımlı) Dədə Ələsgərin yaradıcılığına yeni yanaşma-araşdırmalar aparılır. Yeri gəlmişkən, hər iki məqalədə Ələsgərşünaslıq sahəsində bəzi mübahisəli və ziddiyyətli sayılan məqamlar olsa da,  maraqlı fikirlər də irəli sürülür. 

Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlunun “Dədə Şəmşirin hikmət dünyası” məqaləsində  Aşıq Şəmşir yaradıcılığına  işıq tutulur, Şəmşir şeirlərində hikmət, öyüd-nəsihət, ağsaqqal məsləhəti, dədə tövsiyəsi kimi cəmiyyətin əxlaqi-mənəvi zənginləşməsi üçün dəyərli seçmələr üzərində ümumiləşmələr və təhlillər aparılır. Məqalədə müəllifin sadə yazılı dili, gözəl üslubu yazının oxunaqlı olmasını təmin edir.

Aşıq  sənətinin sovet hakimiyyəti illərində tanınmış nümayəndələrindən olan əməkdar incəsənət xadimi aşıq İdris Məhərrəmov haqqında aşığın nəvəsi dosent Rübabə Şirinovanın maraqlı bir məqaləsi diqqəti cəlb edir. Gənclik illərindən Aşıq Şəmşirin dostu və sənət yoldaşı olmuş, zil səsi və gözəl ifası ilə fərqlənən aşıq İdris II Dünya müharibəsi zamanında cəbhəyə getmiş, döyüşlərdən birində həlak olmuşdur. Aşıq İdris Məhərrəmovu tanıdan da məhz Aşıq Şəmşir olmuşdur. Onun 1972-ci ildə “Azərbaycan gəncləri” qəzetində çap olunan məqaləsi Aşıq İdrisə həsr olunmuşdur.  Məqalədə həm Dədə Şəmşir ucalığı, həm də Aşıq İdrisin qısa zamanda yaşamasına baxmayaraq, sənətkar kimi seçilənlərdən olması təsvir olunur.

Jurnalın mərkəzində verilmiş Hüseyn Şahbəndəyevin “Qanlı kaha” sənədli hekayəsi 1993-cü ildə ermənilərin Kəlbəcər rayonunun Başlıbel kəndində silahsız dinc yerli sakinlərə amansız divan tutmasını təsvir  edən təsirli yazılardandır. İlk dəfə 2007-ci ilin oktyabr ayında “Ulduz” jurnalında çap olunmuş bu hekayə erməni vəhşiliklərini olduğu kimi, bəzək-düzəksiz təsvir edən yığcam, göz yaşları ilə yoğrulmuş acı həyat hekayəsidir.

Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi, Azərbaycan Yazıçılar Birliyinin "Uşaq ədəbiyyatı" şöbəsinin rəhbəri şair Qəşəm Nəcəfzadənin müxtəlif siniflərin, “Azərbaycan dili” dərsliklərinə daxil edilmiş “şeirlər”in təhlilinə həsr olunmuş kiçik məqaləsində dərsliklərimizdə əksini tapan gülünc, bərbad şeirlər və onların müəllifləri haqlı olaraq tənqid edilir. Şair uşaqların bədii zövqünü korlayan, məsuliyyətsiz, zövqsüz cızma-qaraların dərsliklərə salınmasına etirazını bildirir...Müxtəlif dərsliklərdən götürülmüş heç bir ədəbi və tərbiyəvi əhəmiyyəti olmayan “şeirələri” misal gətirərək qəzəbini gizlədə bilmir:
Yaşıllbaşlı sona idi, 
Yenilməyən qala idi, 
Kaş yerində qala idi, 
Mənim gedən cavanlığım...

Doğrudan da, bu cızma-qara ciddi müəllimin belə sinifdə şaşqın vəziyyətə  düşməsinə şərait yaratmaqdan başqa, heç nəyə xidmət edə bilməz.

Elə buradaca hörmətli şairimizin səsinə səs verərək cari dərs ilində istifadədə olan 6-cı sinif “Azərbaycan dili” dərsliklərindəki vəziyyətə nəzər salmağı vacib hesab edirəm: İki hissədən ibarət olan dərsliyin birinci hissəsində bir misra belə şeir nümunəsi yoxdur. İkinci hissədə isə 95 səhifədən ibarət oln kitabın 73-cü səhifəsində S. Vurğundan 4 misra, 93-cü səhifədə isə cəmi 4 misra (ikisi Ə.Kürçaylıdan, 2-si isə A.Şaiqdən olmaqla) dərsliyə daxil edilmişdir.Azərbaycanın Dövlət Himni dərsliyin ikinci hissəsində yoxdur.

Belə dərsliklə Azərbaycan dilinə, milli-mənəvi dəyərlərə layiq vətənpərvər şagird yetişdirmək mümkündürmü?

Müqayisə üçün Türkiyənin 6-ci sinif üçün “Türkcə” adlı   dərsliyinin ilk 95 səhifəsində (Bizim dərsliyin həcminə bərabər olan hissədə) səh. 46-da 8 bəndlik, səh. 48-49-da 2 bəndlik, səh. 50-də 2 bəndlik, səh. 71-də 10 bəndlik, səh. 92-də 6 bəndlik məktəblilərə iftixar və qürur hissləri aşılayan vətənpərvərlik ruhlu şeirlər verilmişdir...

Elm və Təhsil Nazirliyinin başı nəyə qarışıb?

“Kadr” jurnalı Xalq şairi  Zəlimxan Yaqubun 75 illiyini də diqqətdə saxlayıb: jurnalda bir məqalə və şairin yaradıcılığından seçmələrlə xatirəsi hörmətlə yad edilir. Böyük şairin sənət dünyasına xalqın qəlbindən gələn səslə  yüksək dəyər verilir.

“Yaşanan ömrün ən yüksək zirvəsi Vətən sevgisidir” adlı portret oçerkində hüquqşqnas Abduləli Abdullayevin  həyat yolu işıqlandırılır. Jurnalist Gülnaz Əliyeva qəhrəmanının bioqrafiyasına geniş nəzər salaraq onunla oxucular arasında körpü salmağa çalışmışdır. 

Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın nəticəsi,  AXC-nin görkəmli dövlət xadimlərindən Daxili İşlər naziri Behbud bəy Cavanşir haqqında məqalə geniş tədqiqat nəticəsində tarixi keçmişimizi gözlərimiz önündə canlandırır.Erməni qatilin əli ilə güllələnmiş Azərbaycanın qəhrəman oğlunun obrazı məhəbbətlə qələmə alınır, erməni terrorizminin əsrlər boyu törətdiyi qanlı səhifələrdən birinə işıq tutulur.  

Filologiya elmləri doktoru Azdın Dadaşovun dünyadan vaxtsız getmiş istedadlı müğənni Xeyransa Məmmədovaya həsr etdiyi təsirli yazı oxucuda kövrək hisslər yaradır. 

“Axirətdən gələn zəng” tamaşası haqqında rəy, gənc şair  Samir Mustafanın şeirləri, görkəmli kinorejissor Oqtay Mirqasımovun “Kino davalı yerdir” portret oçerki, Aydın Dadaşovun yığcam “Xarı bülbül” hekayəsi, “Görüşənədək”  filmi haqqında və “Mediasiyanın Azərbaycan cəmiyyətindəki yeri”   yazılarına da jurnalda yer verilmişdir.

Jurnalın baş redaktoru Xaqani Hüseynzadənin qələmə aldığı “Ağdaban soyqırımı” və “Seyid Mir Əli ağa” məqalələri geniş araşdırma səciyyəli və ekran üçün  nəzərdə tutulmuş sənədli- xronikal  yazılardır. Hər iki yazı geniş jurnalist araşdırması kimi gərgin əməyin məhsuludur. 

“Kadr” jurnalı ilə bağlı yuxarıda qeyd etdiyim  məziyyətlərilə yanaşı, bəzi iradlarımı da yaradıcı kollektivə bildirməyi vacib hesab edirəm: jurnala təqdim edilən yazılar ciddi oxunuşdan sonra çap olunmalıdır. Müəlliflərin bəzilərinin yazılarında orfoqrafik, qrammatik və üslubi səhvlərə, təkrar cümlələrə, yerinə düşməyən, mübahisəli fikirlərə rast gəlinir. Bunlar görülmüş işin qarşısında ilk baxışda əhəmiyyətsiz görünsə də, intellektual oxucu üçün, ümumən, təsirsiz qalmır. 

Müsahibələr və şifahi sorğuları redəktə edərək dərc etmək münasibdir. Bəzən anlaşılmayan, ağır cümlələr və yersiz təkrarlar oxucunu yora bilər...

Ümidvaram ki, “Kadr” jurnalının növbəti nəşrlərində burada deyilənlər nəzərə alınacaqdır.

Hüseyn Şahbəndəyev,
Əməkdar müəllim

Seçilən
38
1
moderator.az

2Mənbələr