AZ

Siyasi kurs dəyişib: Böyük Ermənistan ideologiyasının yerini real Ermənistan tutur

Sherg.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Turan Rzayev: “Köçəryan–Sarkisyan cütlüyü Ermənistan siyasətində iflasa uğramış fiqurlardır”

Ermənistanın Baş naziri Nikol Paşinyan sosial şəbəkə hesabında keçmiş prezidentlər Robert Köçəryan və Serj Sarkisyana müraciət edib.

Bu barədə erməni KİV məlumat yayıb.

"R.K və S.S-in son günlər bəyanatları bir daha təsdiq edir ki, Qarabağ məsələsi Ermənistan Respublikasını "ən yaxın ağaca" bağlamaq üçün tanınmış qüvvələrin əlindədir. Xalqların hüquqları, tarixi ədalət və bu kimi terminlər əsas məqsəd üçün sadəcə olaraq tüstü pərdəsi idi".

Onun fikrincə, bütün danışıqlar prosesi və təkliflər ipin qısaldılması ilə bağlı olub. İlin sonuna qədər danışıqlara dair sənədlər dərc olunacaq və bu, daha qabarıq görünəcək:

“Müharibənin dayandırılması” ilə bağlı bütün təkliflər ipin qısaldılması ilə bağlı olub (mən bu mövzuya dəfələrlə müraciət etmişəm).

- Bu ipin qısaldılması prosesinin son məqsədi erməni dövlətçiliyinə son qoymaq idi.

- Həmin ssenaridə Qarabağ münaqişəsi yalnız Ermənistanın dövlətçiliyinin itirilməsi ilə bitməli idi.

- Ermənistan xalqı tarixi intuisiyası sayəsində həmin ssenaridən çıxa bildi.

- R.K və S.S əvvəlcə “Lenin, Partiya, Qorbaçov” şüarı ilə yazılan və çox güman ki, DTK-nın himayəsi altında həyata keçirilən həmin ssenariyə qayıtmağı təklif edir.

- Gözlənilən nəticə: 0+0=0".

Politoloq Turan Rzayev Sherg.az-a deyib ki, aydın məsələdir ki, Ermənistanda siyasi kurs dəyişib:

"Xüsusilə, Nikol Paşinyanın 44 günlük müharibədən sonrakı siyasi dəstək xəttinə baxdıqda aydın görünür ki, artıq Azərbaycan reallıqlarında baş verən dəyişikliklər və Prezident İlham Əliyevin qətiyyətli mövqeyi fonunda Ermənistan daha real siyasət yürütməyə başlayıb. Ermənistan anlayır ki, xarici havadarlar bu ölkədən yalnız öz maraqları üçün istifadə ediblər. Bu isə o deməkdir ki, Ermənistanın davamlı olaraq Azərbaycanla müharibə vəziyyətində qalması təkcə xarici güclərin maraqlarına xidmət edib. Bu məqamda Rusiya və Qərb arasında fərq qoymadan demək olar ki, hər iki tərəf üçün bu, eyni mahiyyət daşıyır. Elə buna görə də Paşinyan radikal qərarlar qəbul edir və Azərbaycan tərəfinin tutumunu nəzərə alaraq siyasi xəttini dəyişməyə çalışır. Yəni “böyük Ermənistan” ideologiyası artıq sıradan çıxır, onun yerini “real Ermənistan” ideologiyası tutur. Bu da, əslində, Azərbaycanın maraqlarına daha çox uyğun gəlir. Robert Köçəryan və Serj Sarkisyan məsələsinə gəldikdə isə, əgər Ermənistanda yeni reallıqlardan danışırıqsa, o zaman köhnə siyasi fiqurlar və ideoloji qalıqlar da aradan qaldırılmalıdır. Başqa sözlə, hazırkı mərhələdə Azərbaycanda AXCP–Müsavat cütlüyü necə ki, siyasi səhnədən çəkilib və artıq təsir gücünü itirib, eyni vəziyyət Ermənistanda da Köçəryan–Sarkisyan cütlüyü üçün keçərlidir.Hər iki ölkə üçün bu şəxslər keçmişin qalığıdır və onların siyasi səhnədən getməsi zəruridir. Əslində, sülh prosesinin qarşısındakı əsas maneələrdən biri də məhz Ermənistandakı bu iki fərd, Azərbaycanda isə artıq əhəmiyyətini itirmiş müxalif qüvvələrdir".

Analitik əlavə edib ki, Ermənistan daxilində vəziyyətə daha dərindən baxdıqda görünür ki, Paşinyanın siyasi kursunun qarşısındakı əsas problem elə bu iki şəxsin təsiridir:

"Onlar hələ də keçmişin iflasa uğramış, Ermənistana yalnız məhv gətirən ideologiyasına sadiq qalaraq millətçi hissləri istismar etməyə çalışırlar. Müharibədə hər zaman qurbanlar olur, itkilər yaşanır. Ermənistanda da kifayət qədər itki verən ailələr var və Köçəryan–Sarkisyan cütlüyü bu insanların faciəsi üzərindən siyasi piar qurmağa cəhd edir. Paşinyan isə bu açıqlamaları ilə əslində onlara mesaj verir. Hətta bu mesajın alt qatında belə bir xəbərdarlıq da var: “Məni məcbur etməyin ki, sizi Azərbaycana təhvil verim". Əslində, Paşinyanın belə bir addım atması üçün hüquqi əsas da mövcuddur. Azərbaycan tərəfi də bu istiqamətdə addım atmağa haqlıdır. Prezident İlham Əliyevin son hərbi paradda səsləndirdiyi bəzi fikirlər də Paşinyanın bu məsələdə müəyyən qədər istəkli olduğunu göstərir. Yəni əgər Köçəryan və Sarkisyan bu xətt üzrə davam etsələr, onların Azərbaycana təhvil verilməsi məsələsi gələcəkdə real şəkildə gündəmə gələ bilər".

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
37
sherg.az

1Mənbələr