...“Lukoil” şirkəti İraqdakı nəhəng Qərbi Qurna-2 neft yatağında fors-major elan edib və əməliyyatlarını dayandırıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Reuters yazır.
Ötən ay ABŞ və Böyük Britaniya Rusiyanın ikinci ən böyük neft şirkəti olan “Lukoil” şirkətinə qarşı sanksiyalar tətbiq edib.
Üç mənbəyə görə, İraq o vaxtdan bəri şirkətə bütün nağd pul və neft ödənişlərini dayandırıb.
Ötən çərşənbə axşamı “Lukoil” şirkəti İraq Neft Nazirliyinə rəsmi məktub göndərərək şirkətin Qərbi Qurna-2 yatağında normal fəaliyyətini davam etdirməsinə mane olan fors-major hallarının mövcud olduğunu bildirib.
Rusiya şirkəti bu layihənin 75 faizinə sahibdir və istehsal gücü gündə təxminən 480.000 bareldir, qalan pay isə İraqın Şimali Neft Şirkətinə məxsusdur.
Agentliyin məlumatına görə, fors-major hallarının səbəbləri altı ay ərzində aradan qaldırılmasa, “Lukoil” istehsalı dayandıracaq və layihədən tamamilə çıxacaq, İraqın neft sənayesinin yüksək vəzifəli rəsmisi bildirib.
Əli Babayev