Azərbaycanın silahlanması, güclü Ordunun inkişafı geosiyasi proseslərdə baş verənlərin zərurətidir.
NOCOMMENT.az xəbər verir ki, bunu “Report”a açıqlamasında ehtiyatda olan polkovnik, I Qarabağ müharibəsi və Silahlı Qüvvələrin veteranı, hərbi ekspert Şair Ramaldanov deyib.
O bildirib ki, Vətən müharibəsinin 5-ci ildönümünə həsr olunan Zəfər paradı tarixdə olan vacib hadisədir:
“Paradda Azərbaycan Ordusunun Silahlı Qüvvələri, hərbi texnikalar nümayiş olundu. Bu parad həm təntənə, həm də güc nümayişi idi. Bütün dünyada olduğu kimi paradın məqsədi həm dostlarımıza və düşmənlərimizə gücümüzü göstərmək idi. Əgər hansısa formada Azərbaycana revanş və ya düşmən gözü ilə baxsalar, nə ilə üzləşəcəklər. Azərbaycan Ordusu Vətən müharibəsində qələbə qazanan ordudur. Qələbədən sonra Azərbaycan Ordusunda artıq döyüşlərdə qazanılan təcrübə bütün sahələr üzrə təhlil olunur. Bunlar gələcəkdə ordunun formalaşmasında və inkişafında böyük əhəmiyyət danışır. Prezident İlham Əliyev tərəfindən ordumuzun qarşısında mühüm tapşırıq qoyulub, o da Türkiyə modelinə keçidlə bağıdır. Bu hərbi parad göstərdi ki, biz artıq bu tapşırığı yekunlaşdırırıq”.
Hərbi ekspert əlavə edib ki, Azərbaycan Ordusunda islahatlar davam edir:
“Silahlı Qüvvələrin elə bir növü yoxdur ki, islahatlar aparılmasın. Mən deyərdim ki, artıq Xüsusi Təyinatlı Qüvvələrin müharibədən sonra sayı və xüsusi təyinatçıların bölmələri artırılır. Azərbaycanda yeni hərbi hissələr yaradılıb. Bütün bunlar islahatların nəticəsində görünür. Yeni texnikaların silahlanmaya alınmasının da şahidi olduq. Təbii ki, bu texnika və silahlar Vətən Müharibəsi vaxtı özünü doğruldan və Azərbaycan relyefinə uyğundur. Bizim hərbi texnika sahədə böyük əməkdaşlıqlarımız var. Burada Türkiyə ilə əməkdaşlığa diqqət çəkə bilərik”.
Ş.Ramaldanov hərbi paradda Azərbaycanın müdafiə sənayesinin nümunələrinə də diqqət çəkib:
“Bu, hər bir ölkənin güclü ordu, müdafiə və hərbi sənaye kompleksinin inkişafındakı gücü daha da artırır. Azərbaycanın paraddakı gücünü nümayişi hansısa ölkəyə qarşı işğal niyyəti deyil. Prezident dəfələrlə deyib ki, Azərbaycanın heç bir ölkəyə işğal niyyəti yoxdur. Azərbaycan dostluq və qonşuluğa əsaslanan siyasəti üstün tutur, regionda sabitliyə önəm verir. Azərbaycan Silahlı Qüvvələrinin inkişafı regionda təhlükəsizlik baxımından vacib faktordur.
Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, geosiyasi proseslər, ikili standartlar, beynəlxalq qanunların işlənilməməsi güc faktorunu ortaya çıxarır. Azərbaycanın silahlanması, güclü Ordunun inkişafı geosiyasi proseslərdə baş verənlərin zərurətidir. Azərbaycan bu gün müasir tələblərə cavab verən, qarşıya qoyulan əsas vəzifəni – ərazi bütövlüyünü qorumağa hazırdır. Bunu da Vətən müharibəsinin 5-ci ildönümünə həsr olunan paradında açıq şəkildə nümayiş etdirdi”.