AZ

Münasibətlərin görünməz təməli: Etibar duyğusu

Sherg.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bu duyğu körpəlik dövründə atılan kiçik addımlarla başlayır və yetkinlikdə həm özümüzlə, həm də başqaları ilə qurduğumuz bağları formalaşdırır.

Sherg.az türk mediasına istinadən Klinik psixoloq, psixoterapevt Dr. Yasemin Meriç Kazdalın “etibar duyğusu” haqqında yazısını təqdim edir:

Etibar duyğusu

Etibar duyğusu həyatımızın ən başlanğıcında , körpəlik dövründə formalaşmağa başlayır. Bu duyğunun təməli isə çox kiçik anlarda atılır: ac olanda doyurmaq, qorxanda qucaqlanmaq, ağlayanda dinlənilmək... Bu kiçik, amma təsirli təcrübələr bizə bir mesaj verir: “Dünya etibarlı bir yerdir.”

Etibar, münasibətləri möhkəmləndirən və həyatı daha sakit, daha dinc edən səssiz bir duyğudur. Bəzən kiçik bir davranış, bəzən də sadəcə bir cümlə etibarın əsasını gücləndirə, münasibətləri kövrəklikdən uzaqlaşdıraraq dayanıqlı edə bilər. Etibar varsa, məsafə azalır, şübhə susur və bir baxış, bir toxunuş, hətta bir səssizlik belə bizə o etibarı hiss etdirə bilər.

Uşaqlıqda ehtiyaclarımız çox vaxt qarşılanıbsa, böyüdükdə başqalarına etibar etmək bizim üçün daha asan olur. Amma ehtiyaclarımız tez-tez görməzlikdən gəlinibsə, o zaman etibar etmək çətinləşir və içimizdə suallar yaranır: “Həqiqətən yanımda olacaqmı?”, “Ona güvənə bilərəmmi?”, “Məni olduğum kimi qəbul edəcəkmi?”

Münasibətlərdə etibar

Etibar münasibətlərin görünməz təməli kimidir. Birinə güvəndiyimiz zaman özümüzü daha rahat ifadə edə, hisslərimizi paylaşa və yaranan səmimiyyətin dadını çıxara bilərik. Lakin münasibətdə etibar yetərincə formalaşmayıbsa, şübhə, qısqanclıq və uzaqlaşma kimi hallar ortaya çıxa bilər.

Məsələn:

Ən yaxın dostuna bir sirrini danışdığında onun bunu başqası ilə paylaşmadığını görmək etibarı gücləndirə bilər.

Həyat yoldaşınla mübahisə etsən belə, onun hələ də yanında olduğunu bilmək münasibətin əsasını möhkəmləndirir.

Çətin bir anda ailəndən dəstək görmək “Tək deyiləm” duyğusunu artırır.

Etibar sarsıldıqda

Bəzən etibar çox sürətlə qırıla və onu yenidən qurmaq uzun zaman ala bilər. Bu mərhələdə üç əsas dəyər münasibətlərin bərpasına yardım edə bilər: dürüstlük, ardıcıllıq və şəffaflıq.

Yəni deyilən sözlə edilən hərəkətin uyğunluğu qarşılıqlı etibarın yaranması üçün əsasdır. Təkrarlanan sabit və etibarlı davranışlar münasibətlərdə sarsılmış təməli yenidən qurmağa kömək edə bilər.

Özümüzə duyduğumuz etibar

Etibar duyğusunu yalnız başqalarından gözləmək kifayət deyil. Özümüzə duyduğumuz etibar da eyni dərəcədə vacibdir. Hətta başqaları ilə qurduğumuz sağlam münasibətlərin toxumları özümüzlə olan münasibətimizdə əkilir. Daxili etibarımız dünyaya balanslı və güvənli baxış formalaşdırır.

Bunun üçün:

Özümüzə verdiyimiz sözlərə sadiq qalmaq,

Səhvlərimizi qəbul edib onlardan öyrənmək,

Çətin anlarda öz yanımızda qalmaq və özümüzə şəfqətlə yanaşmaq vacibdir.

Bu və buna bənzər addımlar daxili etibarın güclənməsinə yardım edir. Öz daxilimizdə etibarı qurmadıqca başqalarına etibar etmək çətinləşir. Buna görə də, sanki bir tərəzi kimi, əvvəlcə öz daxili tarazlığımızı qorumağa çalışmalıyıq. Beləcə, içimizdə qurduğumuz sabitlik həm öz addımlarımızı, həm də başqalarına doğru atdığımız addımları möhkəmləndirəcək, bizə etibarın sakit melodiyasını eşitmək imkanı verəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
60
sherg.az

1Mənbələr