ain.az, Azertag portalına istinadən məlumat verir.
Berlin, 10 noyabr, AZƏRTAC
Bu ilin sentyabrında Avropa İttifaqına (Aİ) üzv ölkələr tərəfindən Aİ-yə üzv olmayan 79 min 205 şəxsə müvəqqəti müdafiə statusu verilib. Bu göstərici avqust ayı ilə müqayisədə 49 faiz çox olmaqla yanaşı, 2023-cü ilin avqustundan bəri ən yüksək aylıq nəticədir. Artım bu il avqustun sonunda Ukrayna hökumətinin 18-22 yaşlı kişilərin ölkəni maneəsiz tərk etməsinə icazə verən fərmanı qəbul etməsindən sonra müşahidə olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat Aİ-nin Statistika İdarəsinin – Eurostatın hesabatında əksini tapıb. Məlumatda bildirilib ki, sentyabrın sonuna, Ukraynadan köç etmiş ümumilikdə 4,3 milyon Aİ-yə üzv olmayan şəxs Avropa İttifaqında müvəqqəti müdafiə statusuna malik olub. Bu, avqust ayının sonu ilə müqayisədə 49 min 555 nəfər (1,2 faiz) artım deməkdir.
Ukraynadan gələn müvəqqəti müdafiə statusuna malik şəxslərin ən çox yerləşdiyi ölkələr Almaniya (1 milyon 218,1 min nəfər, Aİ üzrə ümumi sayın 28,3 faizi), Polşa (1 milyon 8 min 885 nəfər, 23,5 faiz) və Çexiya (389 min 310 nəfər, 9 faiz) olub. Aİ-də müvəqqəti müdafiə statusuna malik şəxslərin 98,4 faizini Ukrayna vətəndaşları təşkil edib.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.