Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Astana, 10 noyabr, AZƏRTAC
Qazaxıstanın Mangistau vilayətində “WhatsApp” vasitəsilə yerli sakinlər arasında təhsil müəssisələrinə guya hücumların hazırlandığını bildirən mesajlar yayılıb.
AZƏRTAC “Kazinform” agentliyinə istinadla xəbər verir ki, polis departamentinin məlumatına görə, hazırda bu mesajların yayıldığı mənbə müəyyən edilir, həmçinin sosial şəbəkələrdə yerləşdirilən məlumatlar yoxlanılır.
“Messencerlərdə məktəblərdə terror aktlarının planlaşdırıldığı barədə saxta məlumatlar yayılır. Vətəndaşlardan xahiş edirik ki, belə yoxlanılmamış məlumatlara inanmasınlar və onları paylaşmasınlar. Hazırda polis yoxlama tədbirləri həyata keçirir, təhlükəsizlik tədbirləri gücləndirilib. Vəziyyət tam nəzarət altındadır”, - deyə rəsmi məlumatda qeyd olunur.
Mangistau vilayətinin təhsil idarəsindən bildirilib ki, sosial şəbəkələrdə yayılan bu kimi məlumatlarla əlaqədar polis əməkdaşları tərəfindən müvafiq yoxlamalar aparılıb. Nəticədə siyahıda göstərilən təhsil müəssisələrinin binalarının tam təhlükəsiz olduğu müəyyən edilib və bu fakt xüsusi aktlarla təsdiqlənib.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.