AZ

Tramp ailəsi Zəngəzur dəhlizinə daxil olur – Tramp-kiçiyin İrəvana səfərinin pərdəarxası

Musavat.com xəbər verir ki, ABŞ prezidenti Donald Trampın oğlu Donald Tramp-kiçik 12 noyabrda İrəvana səfər edəcək. Səfər rəsmi-diplomatik formatda deyil, daha çox biznes və infrastruktur danışıqları çərçivəsində həyata keçirilir.

Ermənistan mənbələrinin məlumatına görə, danışıqların əsas mövzusu Zəngəzur dəhlizinin yeni mərhələsi kimi təqdim olunan TRIPP (“Tramp marşrutu”) layihəsi olacaq. Layihə dəhlizin Ermənistan ərazisindən keçən Meğri hissəsinin uzunmüddətli idarəçiliyini və infrastrukturunun yenidən qurulmasını nəzərdə tutur.

Xatırladaq ki, sentyabr ayında ABŞ Dövlət Departamentinin yüksək vəzifəli rəsmisi Brendon Xanrahan İrəvanda bəyan etmişdi ki, Vaşinqton Zəngəzur dəhlizinin Ermənistan hissəsinin başlanğıcı üçün yollar, dəmir yolu, energetika və rabitə infrastrukturlarına 145 milyon dollar ayırır. Bundan əlavə, ABŞ tərəfi Meğri zonası ilə bağlı 99 illik icarə və operatorluq modelini də müzakirə edir. Layihənin arxasında milyardlarla dollarlıq investisiya paketi olduğu bildirilir. 

zengezur.jpg

TRIPP yalnız nəqliyyat dəhlizi deyil, çoxşaxəli strateji infrastruktur sistemidir. Onun tərkibinə dəmir yolu xətləri, avtomobil magistralları, enerji və neft-qaz kəmərləri, fiber-optik rabitə və regionlararası ticarət-logistika mərkəzləri daxildir. Beynəlxalq iqtisadi modellərə görə, dəhliz 2027-ci ilədək illik 50–100 milyard dollarlıq ticarət dövriyyəsi yarada və Avropa–Asiya yükdaşımalarını 12–15 gün qısalda bilər. Bu mənfəət və tranzit üstünlüyü Meğri zonasının kimin nəzarətində olacağını geosiyasi qərara çevirir.

Tramp-kiçiyin səfərində iki əsas iqtisadi struktur rol oynayır: Trump Organization və 1789 Capital Venture Fund. Birincisi infrastruktur və əmlak idarəçiliyi üzrə fəaliyyət göstərir, ikincisi isə energetika, logistika və rəqəmsal texnologiyalar üzrə investisiya portfeli formalaşdırır. Son iki ildə Tramp-kiçiyin iştirakı ilə 1789 Capital-ın aktivləri 150 milyon dollardan 1 milyard dollara yüksəlib. Bu fondun məhz infrastruktura yönəlməsi TRIPP üçün sabit maliyyələşmə modeli yarada bilər. Bu halda dəhliz həm ABŞ kapitalı, həm də Ermənistan yurisdiksiyası əsasında idarə oluna bilər. 

trump-jr.jpg

Səfərin paralel istiqamətlərindən biri də PUA və sərhəd nəzarəti texnologiyaları ilə bağlı əməkdaşlıqdır. Ermənistan KTMT-də iştirakı faktiki dondurduqdan sonra sərhəd təhlükəsizliyi üçün Qərb texnologiyalarına meyl edir.

Tramp-kiçiyin idarə heyətində olduğu Unusual Machines Inc. şirkəti ABŞ Ordusu üçün minlərlə PUA mühərriki istehsal edir və sərhəd monitorinqi sistemlərini təchiz edir. Bu texnologiyalar Zəngəzur dəhlizinin təhlükəsizliyinin təmin olunmasında istifadə edilə bilər və bu da ABŞ təsirinin regiondakı mövcudluğunu gücləndirir.

Beləliklə, Tramp-kiçiyin İrəvana səfəri yalnız iqtisadi müzakirə deyil, Cənubi Qafqazda yeni güc düzəninin formalaşması baxımından strateji əhəmiyyət daşıyır. ABŞ prezidenti Tramp özünü bölgədə “sülh təşəbbüslərinin müəllifi” kimi təqdim edir, Tramp-kiçik isə bu siyasi xətti infrastruktur və kapital üstünlüyü ilə tamamlayır. Səfər Zəngəzur dəhlizinin idarəçilik modeli, ABŞ-ın regiondakı rolunun genişlənməsi və Ermənistanın təhlükəsizlik arxitekturasının dəyişməsi məsələlərinə birbaşa təsir göstərə bilər.

 

Musavat.com

Seçilən
38
1
musavat.com

10Mənbələr