Rusiyanın “LUKOIL” şirkəti İraqın “Qərbi Qurna-2” neft yatağında fors-major elan edib.
Bu barədə “Reuters” mənbələrə istinadən xəbər yayıb.
Agentliyin həmsöhbətlərinin sözlərinə görə, ABŞ və Böyük Britaniyanın yeni sanksiyalarının tətbiqindən sonra İraq “LUKOIL”a bütün nağd ödənişləri və neft tədarükünü dayandırıb.
Qeyd olunur ki, ötən həftə “LUKOIL” İraq Neft Nazirliyinə rəsmi məktubla şirkətin “Qərbi Qurna-2” yatağında işini davam etdirməsinə mane olan fors-major hallarının mövcudluğu barədə məlumat verib. Agentliyin İraq neft sənayesindəki mənbələrindən birinin söylədiyinə görə, əgər fors-major səbəbləri altı ay ərzində aradan qaldırılmazsa, “LUKOIL” layihədən tamamilə çıxacaq.
Xatırladaq ki, “Qərbi Qurna-2” dünyanın ən böyük neft yataqlarından biridir və İraqın cənubunda, Bəsrə liman şəhərindən 65 km şimal-qərbdə yerləşir. Yatağın ilkin çıxarılabilən ehtiyatları təxminən 14 milyard bareldir. Ehtiyatların 90%-dən çoxu Mişrif və Yamama yataqlarında cəmləşib.
Yataq “LUKOIL”un 2010-cu ilin yanvarında imzaladığı xidmət müqaviləsi əsasında istismar edilir. Rusiya şirkətinə layihədə 75% məxsusdur, qalan 25% İraqın dövlət şirkəti olan “North Oil Company”yə aiddir.