Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun şəxsi həyatı və karyerasının başlanğıcı ilə bağlı yeni təfərrüatlar üzə çıxıb.
Musavat.com xəbər verir ki, Proekt.media nəşrinin araşdırmasına görə, Peskov sovet elitasından çıxsa da, karyera yüksəlişini təsadüfən deyil, hesablanmış evliliklər sayəsində qurub.
Məlum olub ki, Peskovun ilk həyat yoldaşı Stalinin məşhur marşalı Semyon Budyonnının nəvəsi Anastasiya Budyonnaya olub. Budyonnı repressiyalarda məsuliyyət daşısa da, cəza almamış və sovet dövründə imtiyazlı həyatını davam etdirmişdi. Gənc Peskov bu evliliklə diplomatik karyerasını sürətləndirməyə çalışıb, çünki o dövrdə “xaricə ezam olunan” diplomatlar arasında üstünlük evli şəxslərə verilirdi.
Lakin bu “hesablı” nikah Ankarada baş verən qalmaqalla sona çatıb. Budyonnaya Türkiyədə işləyən bir britaniyalı ilə münasibət qurub, eyni zamanda Peskovun özü Rusiya səfirliyində oxuyan 14 yaşlı diplomat qızı Yekaterina Solocinskaya ilə maraqlanmağa başlayıb.
Nəticədə, Anastasiya yeni sevgilisi ilə Böyük Britaniyaya köçüb və Peskovdan olan kiçik oğlunu da özü ilə aparıb. Peskov isə Moskvaya dönərək Yekaterina ilə evlənib — o zaman qızın cəmi 18 yaşı vardı.
Bu nikah Peskovun karyerasında yenə dönüş nöqtəsinə çevrilib. Solocinskayanın atası, tanınmış türkoloq və diplomat Vladimir Solocinski onu Boris Yeltsinin Türkiyəyə səfərində tərcüməçi kimi tövsiyə edib. 1999-cu ildə baş tutan bu səfər Peskovun Kremldəki yüksəlişinə yol açıb.
Hazırda Peskov Rusiya prezidentinin ən yaxın çevrəsindədir və Proekt.media yazır ki, onun bu pilləyə çatması ailə və şəxsi əlaqələrində ustalıqla qurulmuş zəncirinin nəticəsidir.
Musavat.com