BAKI, 11 noyabr. TELEQRAF
Ruslar Pokrovsk yaxınlığında strateji hücum həyata keçirir.
Teleqraf xəbər verir ki, Ukrayna ordusunun baş komandanı Oleksandr Sirski "The New York Post" qəzetinə müsahibəsində belə deyib.
"Onlar üstünlük yaratmaq və Ukraynanın müdafiə xəttini yarmaq üçün çoxlu sayda qoşun toplayıblar. Kiyev logistik cəhətdən vacib şəhəri möhkəm saxlayır", - Sirski bildirib.
Onun sözlərinə görə, cəbhə xəttində vəziyyət həqiqətən gərgindir: "Düşmən strateji hücum əməliyyatı həyata keçirir. Onlar öz qüvvələrinin əsas hissəsini toplayıb, üstünlük yaradaraq, bizim müdafiə xəttimizi yarıb,.bu ərazini ələ keçirməyə çalışırlar", - o bildirib.
Qeyd olunur ki, Moskva hazırda Ukraynada yerləşdirilən təxminən 700 min hərbçidən 150 minini Pokrovska göndərib. Güclü mexanikləşdirilmiş qruplar və dörd dəniz briqadası da hücuma göndərilib.
Sirski bəyan edib ki, Rusiyanın məqsədi Pokrovsk və ətraf şəhərləri şimaldan, cənubdan və şərqdən mühasirəyə almaq, təchizat xətlərini kəsmək, qalan əhalini tərk etməyə məcbur etməkdir. Daha sonra isə bütün Donetsk bölgəsini ələ keçirmək üçün “son manevr” etməkdir.