Vatikan, 11 noyabr, AZƏRTAC
Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leo uzun müddət həmkarı və dostu olan nigeriyalı keşiş Edvard Danyanq Dalenqi Papa Evinin Prefekturasının vitse-regenti təyin edib.
AZƏRTAC xəbər verir ki, bu post Vatikan ofisində Papa ilə görüşlər təşkil edən ikinci ən yüksək vəzifədir. Prefektura, həmçinin Papa mərasimləri, pontifikin mənəvi təlimləri, Kardinallar Kolleci və Roma Kuriyasının toplantıları ilə bağlı hazırlıqlara da nəzarət edir. Bundan əlavə, prefektura Papanın Roma və ya İtaliya daxilindəki yerləri ziyarət etmək üçün Apostol Sarayından çıxdıqda lazımi tədbirləri görür.
Edvard Danyanq Dalenq daha əvvəl Papa Leonun dini ordeninin - Müqəddəs Avqustin Ordeninin baş müşaviri olub. O, ordenin Müqəddəs Taxt-Tacla əlaqələrinə nəzarət edən məsul şəxs idi.
Papa Leo daim özünün Avqustin köklərini və ordenin ənənələrini təşviq edir.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Vatikan