BAKI. 11 noyabr. TELEQRAF
Bakıda Hava Limanı yolunda baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində bir qadın dünyasını dəyişib. Hadisə zamanı onu ard-arda iki avtomobil vurub. Hər iki sürücü cinayət məsuliyyətinə cəlb edilib.
Teleqraf xəbər verir ki, hadisə bu ilin fevral ayında, gecə saat 03 radələrində baş verib.
1985-ci il təvəllüdlü Günel Şərbətova bacısı və digər qadınla birlikdə taksilə Hava Limanı istiqamətində hərəkət edib. Qadın sərxoş vəziyyətdə olarkən taksini saxlatdıraraq avtomobildən düşüb. Bacısı və digəri də ona kömək etmək üçün maşından düşüblər. Hadisədən əvvəl onların kafedə spirtli içki qəbul etdikləri müəyyən edilib.
Günel Şərbətova yolun kənarı ilə hərəkət edərkən qəfil avtomobillərin hərəkət zolağına çıxıb. Bu zaman onu əvvəlcə “Nissan” markalı taksi vurub. Yerdə hərəkətsiz qalan qadının üzərindən sonradan “Ford Connect” markalı yük avtomobili keçib. Şərbətova aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Hadisə ilə bağlı hər iki sürücü məsuliyyətə cəlb olunub. Mərhumun anası barışıq və maddi təzminat tələb edib. “Nissan”ın sürücüsü ilə mərhumun ailəsi arasında barışıq əldə olunduğuna görə, onun barəsində cinayət işinə xitam verilib.
Lakin “Ford Connect”in 31 yaşlı sürücüsü Müşfiq barışığa razılıq əldə edə bilmədiyi üçün məsuliyyətə cəlb edilib. Mərhumun ailəsi sürücüdən 20 min manat təzminat tələb edib. Müşfiqin ailəsi yalnız 5 min manat ödəyə biləcəklərini bildirib. Tərəflər razılığa gələ bilməyib.
Xəzər Rayon Məhkəməsinin hökmü ilə sürücü Müşfiq Cinayət Məcəlləsinin 263.2-ci maddəsi (nəqliyyat vasitəsini idarəetmə qaydalarının pozulması, ehtiyatsızlıqdan insan ölümünə səbəb olma) ilə təqsirli bilinərək 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.