Liviyanın keçmiş lideri Müəmmər Qəddafinin (1942-2011) oğlu Hannibal Qəddafi Livan məhkəməsi tərəfindən təyin edilmiş 896.000 dollar girov müqabilində azadlığa buraxılıb.
Musavat.com xəbər verir ki, məlumatı Almodon xəbər portalı yayıb. Bildirilir ki, Hannibal Qəddafi Baş Təhlükəsizlik İdarəsinin binasından çıxıb və ciddi nəzarət altında ailəsi ilə təxminən 10 gün vaxt keçirəcəyi Beyrutdakı evinə gedib. Qalan bütün rəsmiləşdirmələri yerinə yetirdikdən sonra ehtimal ki, şəxsi təyyarə ilə Birləşmiş Ərəb Əmirliklərinə uçacaq.
Vəkil Çarbel Xourinin verdiyi məlumata görə, girov məbləğini Baş nazirin müşaviri İbrahim Dbeybanın rəhbərlik etdiyi Liviya hökumət nümayəndə heyətinin ötən həftə Livana səfəri sayəsində ödəmək mümkün olub. Əvvəllər məhkəmə orqanları 2015-ci ildən bəri həbsdə olan oğul Qəddafinin azadlığa buraxılması üçün 11 milyon dollar girov tələb etmişdi.
Liviyanın Milli Birlik Hökuməti 6 noyabrda mərhum liderin oğlunun həbsdən azad edildikdən sonra Beyrutdan çıxmasına icazə veriləcəyini açıqlayıb. Lakin portalın məlumatına görə, istintaq aparan hakim Zaher Hammad tərəfindən imzalanan rəsmi deportasiya qərarının verilməsi bir neçə gün çəkib.
Musavat.com