BAKI, 11 noyabr. TELEQRAF
Hindistanın hüquq-mühafizə orqanları paytaxt Yeni Dehlidə baş verən avtomobil partlayışını terror aktı kimi araşdırır.
Teleqraf xəbər verir ki, bu barədə "Reuters" agentliyi yerli KİV-ə istinadən məlumat yayıb.
Məlumata görə, araşdırma terrorçuluqla və ölkənin suverenliyinə, bütövlüyünə təhdidlə bağlı cinayətləri əhatə edən qanun çərçivəsində aparılır.
Hadisə noyabrın 10-da axşam saatlarında, Qırmızı qalaya yaxın ərazidə baş verib. Bildirilir ki, işıqfor qarşısında dayanan avtomobil qəfil partlayıb.
Hindistanın daxili işlər naziri Amit Şahın açıqlamasına əsasən, partlayış nəticəsində 8 nəfər həlak olub, bir neçə nəfər isə yaralanıb. Hazırda hadisə ilə bağlı istintaq davam edir.