"Lukoyl" şirkətinin beynəlxalq əməliyyatları ABŞ sanksiyalarının təsiri altında çətinləşdiyi üçün şirkət İraq neft yatağında fors-major vəziyyət elan edib. Ajans.az bu barədə "Reuters"ə istinadən xəbər verir. Qeyd edilib ki, İraqdakı "Qərbi Qurna-2" yatağındakı fors-major vəziyyət ABŞ prezidenti Donald Trampın Ukraynadakı müharibəyə son qoymaq səylərinin bir hissəsi olaraq, ötən ay Rusiyanın neft nəhəngi "Lukoyl" və "Rosneft"ə tətbiq edilən sanksiyaların ən böyük nəticəsidir. Məsələdən xəbərdar olan dörd anonim mənbə bildirib ki, "Lukoyl" İraqın Neft Nazirliyinə məktub göndərib. Məktubda şirkət "Qərbi Qurna-2"də yaranmış fors-major şəraitinin normal fəaliyyətə mane olduğunu bəyan edib. Əgər vəziyyət altı ay ərzində dəyişməzsə, “Lukoil” hasilatı dayandıracağını və layihədən tamamilə çıxacağını bildirib.