AZ

Uorren Baffet xeyriyyəçilik üçün 1,3 milyard dollar ayıracaq

BAKI, 11 noyabr. TELEQRAF

Dünyanın ən varlı iş adamlarından biri olan Uorren Baffet ictimai fəaliyyətini dayandıracağını və təxminən 1,3 milyard dolları xeyriyyə fondlarına bağışlayacağını açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə milyarderin özünün "Berkshire Hathaway" şirkətinin səhmdarlarına ünvanladığı məktubda bildirilir.

Məlumata görə, vəsait Baffetin övladlarına məxsus dörd fonda "The Susan Thompson Buffett Foundation", "The Sherwood Foundation", "The Howard G. Buffett Foundation" və "NoVo Foundation" təşkilatlarına veriləcək. Baffet onlara 2,7 milyon "Berkshire Hathaway" səhmi bağışlayacaq. "Bloomberg" bu səhmlərin dəyərini 1,3 milyard dollar məbləğində qiymətləndirib.

Milyarder həmçinin bildirib ki, o, bundan sonra illik hesabat yazmayacaq və şirkətin səhmdarlarının illik yığıncaqlarında çıxış etməyəcək. “Britaniyalıların dediyi kimi, artıq səssizcə kənara çəkilirəm”, - deyə Baffet bildirib.

Xatırladaq ki, Uorren Baffet bu ilin may ayında yaşının çox olması səbəbindən "Berkshire Hathaway" şirkətinin baş direktoru vəzifəsini tərk etdiyini, onu qurumun vitse-prezidenti Qreq Abelin əvəz edəcəyini açıqlamışdı.

Seçilən
41
teleqraf.com

1Mənbələr