AZ

Davamlı soyuq əllər və ayaqlar təhlükəli simptom ola bilər

Bəzi insanlar isti otaqda belə əllərinin və ayaqlarının soyuq olmasından şikayətlənirlər. Çoxları bu halı şəxsi xüsusiyyət kimi qəbul etsə də, mütəxəssislər bildirirlər ki, davamlı soyuqluq hissi bəzən ciddi sağlamlıq problemlərinin göstəricisi ola bilər.

Editor.az xəbər verir ki, bu barədə ginekoloq-endokrinoloq Tatyana Ovçarova məlumat verib.

“Hər kəsin əlləri və ayaqları soyuqda qısamüddətli olaraq üşüyə bilər – bu, bədənin təbii müdafiə mexanizmidir. Soyuq şəraitdə orqanizm qan dövranını həyati vacib orqanlara yönəldir. Lakin əgər siz daim otaq temperaturunda belə ədyala bürünmək məcburiyyətində qalırsınızsa, bu, artıq diqqət yetirilməli vəziyyətdir”, – deyə həkim qeyd edib.

Mütəxəssislərin fikrincə, daimi soyuqluğun bir neçə səbəbi ola bilər. Ən geniş yayılmış səbəblərdən biri dəmir çatışmazlığı anemiyasıdır. Dəmir, oksigen daşıyan hemoglobinin tərkib hissəsidir. Bu maddə çatışmadıqda, orqanizm oksigeni ilk növbədə beyin və ürək kimi həyati orqanlara yönəldir, nəticədə ətraf əzələlər və dərilər oksigen çatışmazlığından soyumağa başlayır.

Anemiyanın əsas əlamətləri arasında davamlı yorğunluq, dəridə solğunluq və ürək döyüntüsünün sürətlənməsi qeyd olunur.

Digər mühüm səbəb isə hipotiroidizm – yəni qalxanabənzər vəzinin zəif fəaliyyəti ola bilər. Endokrinoloqun sözlərinə görə, tiroid vəzi bədənin “daxili termostatı” rolunu oynayır. Onun fəaliyyəti zəiflədikdə, maddələr mübadiləsi yavaşlayır və bədən istiliyi azalır. Bu zaman soyuq əllər və ayaqlarla yanaşı, yorğunluq, quru dəri, saç tökülməsi və çəki artımı da müşahidə olunur.

Bundan başqa, əllərdə və ayaqlarda soyuqluq hissi aşağı qan təzyiqi nəticəsində də yarana bilər. Qan təzyiqi azaldıqda, barmaq uclarına və ayaqlara qan axını zəifləyir. Siqaret çəkmə də bu problemi dərinləşdirərək damar spazmlarına və qan dövranının pozulmasına səbəb olur.

Tatyana Ovçarova xəbərdarlıq edir ki, soyuqluq hissi uzunmüddətli və təkrarlanan hal alırsa, onu zərərsiz simptom kimi qəbul etmək olmaz.

“Əgər bu vəziyyət mütəmadi olaraq baş verirsə, mütləq həkimə müraciət edin. Həkim tam qan analizi, qalxanabənzər vəzinin fəaliyyətini qiymətləndirmək üçün TSH testi, həmçinin qan təzyiqinin ölçülməsi kimi ilkin müayinələr təyin edə bilər. Zərurət olduqda endokrinoloq və ya kardioloqun konsultasiyası da vacibdir”, – deyə həkim bildirib.

“Daimi soyuqluq hissi sadəcə narahatlıq deyil, bədənin sizə göndərdiyi vacib siqnaldır. Öz sağlamlığınıza diqqət yetirin və yalnız isti geyimlə deyil, düzgün həyat tərzi ilə də isti qalın”, – deyə Tatyana Ovçarova yekunlaşdırıb.

//Gülnarə Abasova, Editor.az

Seçilən
16
editor.az

1Mənbələr